4 mart 2015

Romada “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı

Martın 4-də Roma şəhərində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib:


- Xanımlar və cənablar.


Əziz qonaqlar, hörmətli dostlar.


Qədim və gözəl Roma şəhərinə yenidən qayıtmaq və bu axşam sizinlə birlikdə olmaq mənim üçün çox xoşdur. Mən sizin hər birinizi səmimi qəlbdən salamlayıram və Azərbaycana göstərdiyiniz xoş münasibət, diqqət və marağa görə dərin minnətdarlığımı bildirirəm.


Roma şəhərində ilk Avropa Oyunlarının təqdimat mərasiminin keçirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki məhz bu şəhərdə 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında bu Oyunların Azərbaycanın paytaxtında - Bakıda keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Mən çox şadam ki, bu axşam Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və “Bakı-2015” Koordinasiya Komitəsinin sədri Spiros Kapralos bizimlədir. Mən demək istəyirəm ki, Oyunlara hazırlıq zamanı biz hər zaman sizin dəstəyinizi, köməyinizi hiss etmişik. Mən sizə və Avropa Olimpiya Komitəsinin bütün üzvlərinə təşəkkürümü bildirirəm.


Hörmətli qonaqlar, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya dövləti ilə əməkdaşlıq qurub və onu uğurla inkişaf etdirir. Bu əməkdaşlıq bir çox sahələri əhatə edir, o cümlədən siyasi, iqtisadi, humanitar sahələri. Parlamentlərarası dostluq qrupları, hökumətlərarası komissiyalar fəaliyyət göstərir. İtaliya bu gün Azərbaycanın ən böyük tərəfdaşlarından biridir. İtaliyanın böyük şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Ötən il təməli qoyulan “Cənub” qaz dəhlizi layihəsinin icrası ilə Azərbaycan qazı yaxın gələcəkdə Avropaya, o cümlədən İtaliyaya nəql ediləcək. Bu, həm Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi yeni töhfə olacaq, eyni zamanda, İtaliya-Azərbaycan əməkdaşlığını yeni səviyyəyə qaldıracaq.


Humanitar sahədə əməkdaşlığımız çox uğurla inkişaf edir və Romanın məşhur "Villa Borghese" parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin ucaldılması Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilib. Azərbaycanın qədim tarixini və mədəniyyətini İtaliyada tanıdan tədbirlər, Azərbaycanın mədəniyyət günləri, sərgilər, konsertlər təkcə Romada deyil, İtaliyanın digər şəhərlərində də keçirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nda təmir aparılır. Azərbaycan dövləti İtaliyanın, Romanın çoxsaylı tarixi abidələrinin qorunmasına da öz töhfəsini verib və bu barədə ötən il Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında saziş imzalanıb. Əminəm ki, idman sahəsində də əməkdaşlıq çox möhkəmdir və qarşıdan gələn ilk Avropa Oyunları bu əməkdaşlığı daha da gücləndirməyə yeni imkanlar yaradacaq.


Əziz dostlar, baxmayaraq ki Olimpiya Hərəkatı Avropada doğulub və sonradan bərpa olunub, bu vaxta qədər Avropa Oyunları keçirilməyib. Belə bir Oyunları ilk dəfə təşkil etmək, qəbul etmək və keçirmək, əlbəttə, ölkəmiz üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Əlbəttə, bu qərarı qəbul edərkən Avropa Olimpiya Komitəsi bir çox faktlara əsaslanırdı: Azərbaycanda idmana dövlət tərəfindən göstərilən dəstək, idmançılarımızın uğurları, mövcud idman infrastrukturu və əlbəttə, ölkənin ümumi inkişafı. Azərbaycanda idmana, Olimpiya Hərəkatına dəstək dövlət siyasətinin prioritetlərindən biridir. Son 10 ildə ölkəmizdə 50-dən çox müasir Olimpiya mərkəzləri inşa olunub. Biz müstəqil ölkə kimi Olimpiya Oyunlarında 1996-cı ildən iştirak edirik və oyunlardan-oyunlara atletlərimizin uğurları artmaqdadır. Son Yay Olimpiya Oyunlarında Azərbaycanın yığma komandası ikisi qızıl olmaqla 10 medal qazanaraq Avropa ölkələri arasında 15-ci yeri, ümumi iştirakçılar arasında isə 30-cu yeri tutmuşdur. Ötən il Çində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında bizim gənc atletlərimiz beşi qızıl olmaqla 12 medal qazanaraq 200-ə yaxın iştirakçı arasında 10-cu yeri tutmuşdur.


Əziz dostlar, biz yaxşı anlayırıq ki, ilk Oyunlar, onların təşkilatı gələcək Oyunların standartlarını, səviyyəsini təmin edəcək. Baxmayaraq ki, hazırlıq üçün bizim cəmi iki il yarım vaxtımız olub, Azərbaycan bu oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir, Təşkilat Komitəsi çalışır. Biz beynəlxalq idman qurumları ilə, Avropa Olimpiya Komitəsi ilə sıx əlaqədə çalışırıq. Ümidvaram ki, ilk Avropa Oyunları Azərbaycanın paytaxtı Bakıda ədalət, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçəcək və ölkələri, xalqları, insanları bir araya gətirərək möhtəşəm idman bayramına çevriləcək.


Əziz dostlar, sonda bir daha sizin təkrarolunmaz şəhərinizdə olmağımdan məmnunluğumu bildirmək, qonaqpərvərliyinizə görə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Fürsətdən istifadə edərək sizi bu il ilk Avropa Oyunlarını seyr etmək üçün ölkəmizə - Azərbaycana dəvət edirəm.


Sizə xoş axşam arzulayıram. Çox sağ olun.


Xəbərə keçid