20 may 2016

Milli Məclisin “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinin müzakirəsinə həsr olunan xüsusi iclası

Mayın 20-də parlamentin Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüskarı olduğu “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinin müzakirəsinə həsr olunan xüsusi iclası keçirilib.

 

Mehriban Əliyeva iclasda çıxış edib:

 

- Hörmətli həmkarlar, ölkəmizin ən dəyərli humanizm ənənələrinə əsaslanaraq, 28 May – Respublika Günü münasibətilə amnistiya elan olunmasını təklif edirəm.

 

2007-ci ildən başlayaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. 2007-ci, 2009-cu və 2013-cü illərdə Fondun təşəbbüsünü dəstəkləyən və minlərlə insana azadlıq bəxş edən həmkarlarımın hər birinə dərin minnətdarlığımı bildirirəm.

 

Heydər Əliyev Fondu özünün 12 illik fəaliyyəti ilə həm ölkəmizdə, həm xaricdə böyük hörmət və inam qazanmış bir təşkilatdır. Fond hər bir addımında, hər bir fəaliyyətində insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək etməyə çalışır. Təsadüfi deyil ki, bu gün bizə üz tutan insanlar Heydər Əliyev Fondunu son ümid yeri kimi qiymətləndirirlər və biz bu ümidi hər zaman doğrultmağa çalışmışıq.

 

Bu gün azadlıqdan məhrum olmuş minlərlə həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma prinsiplərinə əsaslanan yeni ömür yolunu vermək deməkdir. Cinayət törədən hər bir insan öz səhvini, təbii ki, dərk etməlidir və gələcəkdə bu səhvlərə yol verməməlidir. Eyni zamanda, həm dövlətimiz, həm ictimaiyyətimiz, hər birimiz azadlığa çıxan insanlara onların normal həyat tərzini qurmasında yardım etməliyik.

 

Hörmətli həmkarlar, amnistiya aktının layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər cəzadan azad ediləcəklər. Bundan əlavə, bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, yetkinlik yaşına çatmayanlar, əlillər, qoca və ahıllar, öhdəsində yetkinlik yaşına çatmayan və ya əlil övladı olanlar və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Xüsusilə diqqətinizə çatdırmaq istərdim ki, amnistiya aktı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxsləri, həmçinin bu döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarını əhatə edəcək. Bundan başqa, islah işləri, ictimai işlər, cərimə cəzalarına məhkum edilmiş şəxslərə də amnistiya şamil ediləcək. Ümumilikdə, 10 min məhkumun amnistiya aktının təsiri altına düşəcəyi, onlardan 3 min 500-ə yaxın şəxsin cəzaçəkmə müəssisələrindən azad ediləcəyi gözlənilir.

 

Hörmətli həmkarlar, hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək olar, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik.

 

Əminəm ki, amnistiya aktı bir daha Azərbaycan dövlətinin gücünü nümayiş etdirəcək. Ümidvaram ki, amnistiyanın şamil olunacağı şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olmaq şanslarını istifadə edəcəklər. Diqqətinizə görə çox sağ olun.

Xəbərə keçid


Paylaş: