01.JPG
22 oktyabr 2018

Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə 100 yerlik körpələr evi-uşaq bağçası inşa edilib

Oktaybrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə inşa olunmuş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

 

Məlumat verilib ki, körpələr evi-uşaq bağçasının inşasına 2014-cü ilin oktyabrında başlanılıb, bu ilin iyulunda isə tikinti işləri başa çatdırılıb. Müəssisənin ümumi ərazisi 2900, tikintialtı sahəsi isə 576 kvadratmetrdir. İkimərtəbəli binada yataq, geyim, məşğələ otaqları yaradılıb. Kompüter, musiqi və idman otaqları da balacaların ixtiyarına veriləcək. Binada bufet, mətbəx və digər inzibati otaqlar da var. Bina istilik sistemi ilə təchiz olunub, fasiləsiz su təminatı üçün ərazidə yerləşən artezian quyusundan su xətləri çəkilib, müşahidə kameraları quraşdırılıb. Bir sözlə, binada uşaqların istirahəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb ki, bu da balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı üçün olduqca əhəmiyyətlidir. Burada yaradılan şərait uşaqların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, ünsiyyətqurma bacarıqlarının inkişafında mühüm rol oynayacaq.

 

Körpələr evi-uşaq bağçasının həyətində də geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolağı salınıb. Burada balacaların vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif attraksionlar da quraşdırılıb.


FOTO