011.JPG
9 sentyabr 2012

Zaqatalanın Bəhmətli kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa ediləcək tam orta məktəbin təməli qoyulub


Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Zaqatala rayonunun Bəhmətli kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa ediləcək şəhid Ələddin Cavadov adına tam orta məktəb üçün yeni binanın təməlqoyma mərasimində iştirak edib.


Əvvəlcə dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

 

Azərbaycan Prezidenti yeni məktəb binasının gələcək görüntülərini əks etdirən stendə və layihə sxeminə baxdı.

 

Bildirildi ki, mayın əvvəlində ölkəmizin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatalada Ələddin Cavadov adına Bəhmətli kənd orta məktəbi də qəzalı vəziyyətə düşüb. Buna görə də kənddə yeni məktəb binasının tikintisi qərara alınıb. Onun yerində üç korpusdan ibarət, 600 şagird yerlik üçmərtəbəli müasir tam orta məktəb binası tikiləcək.

 

Diqqətə çatdırılıb ki, məktəbdə tədris prosesinin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaqdır. Təhsil ocağının cari ilin sonunda şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulur.

 

Dövlətimizin başçısı məktəbin təməlini qoydu.

 

Prezident İlham Əliyev tikinti işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi.

 

Daha sonra dövlətimizin başçısı məktəbin pedaqoji kollektivi ilə söhbət etdi.


Məktəbin müəllimləri Azərbaycan Prezidentinə təşəkkür etdi.



FOTO

VİDEO