2 fevral 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəm adına xarici dillər təmayüllü 3 nömrəli əsas internat məktəbində olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fevralın 2-də Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəm adına xarici dillər təmayüllü 3 nömrəli əsas internat məktəbində olmuşdur. 

Şagirdlər Mehriban xanımı və qızı Leylanı gül-çiçəklə qarşıladılar.

 

Əsasən ərəb, fars, ingilis dilinin tədris olunduğu məktəbin direktoru Ənvər Mustafayev məlumat verdi ki, burada müxtəlif rayonlardan gəlmiş 750 uşaq təhsil alır. Onların 100 nəfəri yataqxanada yaşayır, qalanları isə dərsdən sonra evlərinə gedirlər. Şagirdlər arasında şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar da vardır.

 

Mehriban xanım Əliyeva müəllimlərin problemi ilə maraqlandı. Onlar YUNESKO-nun xoşməramlı səfirinə xeyirxah fəaliyyətinə görə minnətdarlıqlarını bildirərək dedilər ki, ulu öndərimiz Heydər Əliyev daim Vətən sevgisi ilə yaşamış, gələcək nəsillərə, uşaqlara həmişə böyük diqqət və qayğı göstərmişdir. Bütün xalqımız kimi, uşaqlar da bunu heç vaxt unutmurlar.

 

Şagirdlər Heydər babaya qəlblərindəki sevgi və məhəbbəti şeirlərlə ifadə etdilər.

 

Mehriban xanım Əliyeva istedadlı uşaqlara təşəkkür edərək, onlara dərslərində uğurlar arzuladı, məktəbin ümumi vəziyyəti, tədris prosesi ilə tanış oldu.