1.JPG
26 aprel 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şamaxıdakı internat məktəblərində olub

Azərbaycan Prezidenti İlham Əliyevin Şamaxıya səfər proqramı çərçivəsində dövlət başçısının xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva şəhərdəki internat məktəblərində olmuşdur.


Əvvəlcə Şamaxı şəhər orta internat məktəbinə gələn Mehriban xanım Əliyeva valideyn himayəsindən məhrum olan uşaqlarla görüşdü, tədris prosesi ilə maraqlandı. Direktor Vəlican Güləliyev 2500 şagirdin təlim-tərbiyə aldığı məktəb haqqında məlumat verdi. Məktəbdə müəyyən təmir işlərinin görüldüyünü bildirən direktor bir çox problemlərin olduğunu da diqqətə çatdırdı.


YUNESKO-nun xoşməramlı səfiri internat məktəbində bütün problemlərin həllinə kömək göstəriləcəyini, şagirdlərə yeni dərs ləvazimatlarının veriləcəyini bildirdi.


Şagirdlər məktəbdə təşkil olunan Əlifba bayramında şeirlər söylədilər, mahnılar oxudular. Mehriban xanım Əliyeva məktəbin idman salonunda da oldu, burada təmir işlərinin aparılmasının vacibliyini vurğulayaraq dedi ki, bunun üçün Heydər Əliyev Fondu tərəfindən lazımi kömək göstəriləcəkdir.


Məktəbin müəllimləri uşaqlara və bu təhsil ocağına göstərdiyi diqqətə görə Heydər Əliyev Fondunun prezidentinə minnətdarlıq etdilər.


Prezidentin xanımı məktəbin yaxınlığında məskunlaşmış məcburi köçkün ailələri ilə də görüşdü, onların problemləri ilə maraqlandı.


Sonra Mehriban xanım Əliyeva 1 nömrəli ixtisaslaşdırılmış internata gəldi. Direktor Mübariz Məmmədov 1975-ci ildən fəaliyyət göstərən internatda ruhi-əsəb xəstəliyinə tutulmuş 100 nəfər uşağın müalicəsi, təlim-tərbiyəsi sahəsində görülən işlərdən danışdı, binada təmir aparıldığını bildirdi.


İnternatın sinif otaqları, yeməkxanası ilə tanış olan Mehriban xanım bu müalicə-tədris müəssisəsinə lazımi kömək göstəriləcəyini vurğuladı.


FOTO