15 avqust 2009

Heydər Əliyev Fondunun Lənkəranda şəkərli diabetli uşaqlar üçün təşkil etdiyi düşərgənin bağlanış mərasimi keçirilib

Heydər Əliyev Fondunun həyata keçirdiyi “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində Lənkəran şəhərindəki ”Qafqaz” sahil otelində şəkərli diabetli uşaqların psixo-sosial reablitasiyası məqsədilə təşkil edilmiş düşərgənin bağlanış mərasimi keçirilmişdir. 

 

Avqustun 1-dən 15-dək davam edən düşərgədə xüsusi qayğıya ehtiyacı olan və çətin şəraitdə yaşayan 25 şəkərli diabetli uşağa 4 həkim-diabetoloq, 5 tərbiyəçi-müəllim və 3 psixoloq xidmət göstərmişdir.

 

Uşaqlar iki həftə ərzində Xəzər dənizi sahilində dincəlməklə yanaşı, Lənkəran, Astara və Lerik rayonlarının tarixi-mədəniyyət abidələri və görməli yerləri ilə tanış olmuş, idman yarışlarında, əyləncəli oyunlarda iştirak etmiş, həkimlər tərəfindən onlara tibbi və psixoloji yardımlar göstərilmişdir.

 

Düşərgənin bağlanış mərasimində çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Praktik Psixoloqlar Asossiasiyasının rəhbəri, layihənin əlaqələndiricisi Elmira Mirzəyeva, həkimlər və başqaları gələcəyimiz olan uşaqların cəmiyyətimizin sağlam üzvü kimi böyümələri və təhsil almalarına, onların intellektual səviyyəsinin yüksəlməsinə göstərilən qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

 

Mərasimdə uşaqlar rəqs etmiş, şeirlər söyləmiş, mahnılar oxumuş, səhnəciklər göstərmişlər.

 

Tədbirdə uşaqlara müxtəlif hədiyyələr təqdim edilmişdir.

 

Sonda mərasim işrirakçıları düşərgədən yadigar olaraq fotoşəkil çəkdirmişlər.