01.jpg
9 may 2008

Zirə qəsəbəsində Müalicə-Diaqnostika Mərkəzi açılıb

Mayın 9-da Zirə qəsəbəsində Müalicə-Diaqnostika Mərkəzi açılmışdır.


Qəsəbə sakinləri və səhiyyə ocağının kollektivi mərasimdə iştirak etmək üçün buraya gələn Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

 

Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Müalicə-Diaqnostika Mərkəzinin açılışını bildirən lenti kəsdilər.

 

Prezident İlham Əliyev və xanımı səhiyyə ocağı ilə yaxından tanış oldular.

 

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, 30 il əvvəl tikilmiş bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə tamamilə yenidən qurularaq, müasir avadanlıqla təchiz edilmiş kompleksə çevrilmişdir. İkimərtəbəli binanın birinci mərtəbəsində uşaqlar və böyüklər üçün nəzərdə tutulan və gündə 50 nəfərə xidmət göstərə bilən poliklinika yerləşir.

 

Avropadan gətirilən ən müasir avadanlıqla təchiz edilmiş mərkəzdə bütün müvafiq müalicə kabinetləri, terapiya və doğum söbələri, laboratoriya fəaliyyət göstərir. Mərkəzin ərazisində təcili tibbi yardım stansiyası da yaradılmışdır.

 

Binanın foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın tibb sahəsinə göstərdiyi diqqəti əks etdirən fotostend vardır.

 

Burada yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tibb işçiləri ilə görüşüb söhbət etdi.

 

TİBB İŞÇİSİ: Belə gözəl tibb mərkəzini bizə bəxş etdiyinizə görə bütün qəsəbə sakinləri adından böyük minnətdarlıqla təşəkkür edirik.

 

İLHAM ƏLİYEV: Sağ olun. Siz yaxşı bilirsiniz, 20-30 il idi bu bina tikilməyə başlamış, amma sonra yarımçıq qalmışdı. İndi deputatınızın təşəbbüsü ilə bu bina yenidən tikilib və deyə bilərəm ki, ən yüksək səviyyədədir. Dünyada hansı avadanlıq varsa, burada da var. İndi əsas odur ki, yaxşı tibbi xidmət göstərilsin və burada Zirə sakinləri yaxşı xidmətlə təmin olunsunlar. Bu, həm qəsəbə üçün böyük hadisədir, həm də bütövlükdə, Azərbaycanda bu sahədə gedən uğurlu işlərin təzahürüdür. Hər bir məntəqədə, hər bir kənddə belə gözəl tibb ocaqları olmalıdır. Çünki insanların sağlamlığı ən başlıca məqsəddir, vəzifədir. Həkimlərin də sosial vəziyyətinin yaxşılaşdırılması üçün işlər görülür. Bilirəm ki, buna daha da böyük ehtiyac var. Yəni bu da olacaq. İldən-ilə həm maaşlar artırılacaq, həm də lazım olan bütün avadanlıq alınacaqdır. Maaşları dörd dəfə artırmışıq, amma hələ də artırmaq lazımdır. Razılaşarsız mənimlə? Dörd dəfə artırmaq, əlbəttə ki, böyük işdir. Amma hələ ki, bizim istədiyimiz səviyyədə deyil, amma bu da olacaqdır. Ölkəmiz indi elə inkişaf edir ki, bütün məsələlər öz həllini tapacaqdır.

 

Sizə də mən uğurlar arzulayıram, bu gözəl xəstəxanada işləmək, əlbəttə ki, şərəfdir. Həm xəstələr üçün, həm də həkimlər üçün burada şərait var. Çünki biz həm xəstələr, həm də həkimlər haqqında düşünməliyik. İş şəraiti də hər bir insan üçün çox vacib məsələdir.

 

TİBB İŞÇİSİ: Bunların hamısı Mehriban xanımın təşəbbüsü ilə, Sizin də köməyinizlə əldə olunubdur. Allah bizə qismət elədi bu günü gördük, çox sağ olun.

 

İLHAM ƏLİYEV: Üç il əvvəl bunların heç biri yox idi. Mənim yadımdadır, o vaxt biz buraya gəlmişdik. Bina yarımçıq vəziyyətdə idi, bunların heç biri yox idi.

 

İndi Zirə olub Avropanın ən qabaqcıl şəhəri, hə? Elədir? Belə də olmalıdır. Hər bir yerdə, Azərbaycanın hər bir nöqtəsində belə gözəllik olmalıdır. Sağ olun.


FOTO