1.JPG
10 may 2010

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilib

Mayın 10-da “Buta” sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir. 

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

 

Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunan qonaqların iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış edərək demişdir ki, Heydər Əliyevin həyatı bütövlükdə Azərbaycanın inkişafına yönəlmişdir.

 

Heydər Əliyevin fəaliyyəti nəticəsində bu gün müstəqil və dünya birliyində layiqli yer tutan ölkədə yaşadığımızı vurğulayan Mehriban xanım bildirmişdir ki, ulu öndərin nəcib əməlləri gələcək nəsillər üçün müdriklik məktəbi olacaqdır.

 

“Azərbaycanlılar fəxr edirlər ki, Heydər Əliyev kimi unudulmaz lideri, qəhrəmanı vardır” - deyən Mehriban xanım Əliyeva bildirmişdir ki, ulu öndərin adını daşıyan Fond artıq 6 ildir fəaliyyət göstərir və bu illər ərzində Heydər Əliyev Fondu Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafında, o cümlədən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynamışdır. Təsadüfi deyildir ki, bu gün Heydər Əliyev Fondu dünyada hörmət və etimad ünvanına çevrilmişdir.

 

Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunan videofilm nümayiş etdirildi.

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etmişdir.

 

Dövlətimizin başçısı demişdir ki, Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət etmişdir.

 

Azərbaycan xalqı Heydər Əliyevə daim böyük məhəbbət və inamla yanaşmışdır, - deyən Prezident İlham Əliyev bildirmişdir ki, ulu öndər ölkəmizin problemlərinin həllinə hər zaman həssaslıqla yanaşmışdır və bir vaxtlar üzləşdiyimiz çətinliklərin aradan qaldırılması məhz Heydər Əliyevin xidmətləri sayəsində mümkün olmuşdur. Ulu öndərin gərgin fəaliyyəti nəticəsində Azərbaycan riskli ölkə imicini dağıtmış, respublikada irimiqyaslı layihələrin icrasına başlanmış, bütün sahələrdə inkişaf meylləri güclənmişdir.

 

1993-2003-cü illərin Azərbaycanın gələcəyi üçün həlledici dövr, bu 10 ildə görülən işlərin əsrlər boyu görülən işlərə bərabər olduğunu vurğulayan Prezident İlham Əliyev bildirmişdir ki, ulu öndərin qurduğu müstəqil Azərbaycan bu gün yaşayır, inkişaf edir və xalqımızın qarşısında yeni imkanlar açılır, ölkəmiz Heydər Əliyevin yolu ilə gedir və ulu öndərin ideoloji əsasları ölkədə tam bərqərar olunmuşdur.

 

Azərbaycanın sürətlə inkişaf etdiyini deyən dövlətimizin başçısı əmin olduğunu bildirmişdir ki, bu uğurlu dinamika gələcək illərdə də davam etdiriləcəkdir. Bu işlərin təməlində Heydər Əliyev amili dayanır. “Biz ümummilli liderimizə sadiqik”, - deyən Prezident İlham Əliyev bildirmişdir ki, Heydər Əliyev siyasəti Azərbaycanda əbədi yaşayacaqdır.

 

 X X X

 

Mərasimdə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmin nümayişi olmuşdur.

 

Daha sonra Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatının müxtəlif nominasiyalar üzrə 2010-cu ilin qalibləri elan edilmişdir.

 

“Qızıl çinar” beynəlxalq mükafatını nominantlara Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva təqdim etdi.

 

Milli musiqimizin şah əsəri olan muğamın inkişafına verdiyi töhfəyə və Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrdə fəal iştirakına görə Xalq Artisti Arif Babayevə “Qızıl çinar” beynəlxalq mükafatı təqdim olundu.

 

Arif Babayev təşəkkür edərək dedi:

 

- Çox hörmətli, möhtərəm cənab Prezident!

 

Çox hörmətli Mehriban xanım!

 

Bu gün Azərbaycanın böyük oğlu Heydər Əliyevin doğum günüdür. Ulu öndərimiz bizim sənət adamlarına həmişə öz qiymətini, vermiş, öz hörmətini bildirmiş, mədəniyyətimizə olan xüsusi töhfələri aşılamışdır. İndi isə bu işi bizim çox hörmətli, Azərbaycanın sevimlisi, Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyev davam etdirir. Mən çox danışmayacağam, vaxtımız azdır. Amma bircə onu qeyd edim ki, biz həmişə xəyalda deyirdik: “Kaş bir muğam mərkəzimiz olaydı”. Sağ olsun cənab Prezidentimiz. Şəhərimizin, Bakımızın görkəmli bir yerində, dənizkənarı Milli Parkda Muğam Mərkəzinin tikilib sənət adamlarına təhvil verilməsi böyük bir hadisədir. Çox sağ olun.

 

Mehriban xanım, siz bizim milli musiqimizin tacı olan muğamımızı dünya səviyyəsinə qaldırmısınız. Çox sağ olun. Başqa tərəfini saysam burada vaxt qalmaz. Bu gün bu mükafat ulu öndərimizin ad günündə mənə təqdim olunur. Bu, mənim həyatımda unudulmaz bir gün oldu. Çox sağ olun, var olun.

 

X X X

 

Digər nominasiyada mükafat uşaq hüquqlarının qorunması və onların humanist ruhda böyüməsi işinə verdiyi dəstəyə görə YUNİSEF-in Azərbaycandakı keçmiş nümayəndəsi xanım Hana Singerə təqdim edildi.

 

Hana Singer təşəkkürünü bildirərək dedi:

 

- Cənab Prezident!

 

Hörmətli Mehriban xanım!

 

Hörmətli xanımlar və cənablar!

 

YUNİSEF-in adından bu cür gözəl mükafatı almaqdan şərəf hissi duyuram. YUNİSEF üçün işləmək təşkilat üçün işləmək demək deyildir, bu, məramdır. Bu məram uşaqların hüquqlarının qorunmasından, onların hər zaman müdafiə edilməsindən, problemlərinin həllindən ibarətdir. Bu təşkilat üçün işləmək mənim üçün böyük şərəfdir. Bu təşkilat üçün işləyərək bu ölkəyə gəlib uşaqların problemləri ilə məşğul olmaq, onları tanımaq mənim üçün çox böyük sevinc və iftixar hissidir. Hətta hər bir halda biz istənilən sözləri söyləmirik və bəzi hallarda biz problemlər haqqında da danışırıq. Mən məmnuniyyət və şərəf hissi ilə onu qeyd etmək istəyirəm ki, Azərbaycanda işləyərkən, bu problemləri qaldırarkən burada hər hansı bir qərəzli maraqların şahidi olmadım. Bu işdə Azərbaycan hökumətinin bizimlə sıx əməkdaşlığının şahidi oluruq. Xüsusən də biz vətəndaş cəmiyyətinə Fondun vacib töhfəsini görürük.

 

Mən qeyd etmək istəyirəm ki, Mehriban xanım Əliyeva bu sahədə mühüm rol oynayır. Biz xeyriyyə üçün işləmirik, bizim üçün ən vacib, ən ülvi məqsəd uşaqların hüquqlarının müdafiəsi və qorunmasıdır. O ki qaldı, mənim Azərbaycanla olan əlaqələrimə, yalnız bunu deyə bilərəm ki, bu, xüsusi bir əlaqələrdir. Mən demək istəyirəm ki:

 

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən!

Anam, doğma Vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

 

X X X

 

Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq Rəssamı Tahir Salahova da müasir boyakarlıq sənətinin inkişafında göstərdiyi xidmətlərə görə “Qızıl çinar” beynəlxalq mükafatı təqdim edildi.

 

Tahir Salahov dedi:

 

-   Çox hörmətli və əziz İlham Heydər oğlu!

 

Çox hörmətli Mehriban xanım!

 

Bu gün mənim üçün çox həyəcanlı gündür. Çünki gözlənilmədən belə yüksək mükafat alıram. Mən bu mükafatda Heydər Əliyevin ruhunu, onun incəsənətə, mədəniyyətə məhəbbətini görürəm, özü də təkcə Azərbaycan miqyasında yox. O, bütün Sovet İttifaqının mədəniyyətinə rəhbərlik edirdi. O, 19 sahəyə, o cümlədən mədəniyyətə cavabdeh idi. Bu baxımdan demək istəyirəm ki, bu gün o, yenə bizimlədir, bizi təltif edir, onun hərarətini, diqqətini və səmimiyyətini həmişə hiss etməyimizə imkan verir.

 

Ruhu şad olsun Heydər Əliyevin, yaşasın onun adını daşıyan Fond, sağ olsun birinci xanım!

 

Mənim fikrimcə o, alternativi olmayan birinci xanımdır, planetar miqyaslı birinci xanımdır.

 

Sağ olun.

 

X X X

 

Mükafatlandırma mərasimindən sonra Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olmuşdur. Bakının qonağı olan dünya şöhrətli opera müğənnisi Plasido Dominqo, habelə xanım Aylin Peres və beynəlxalq müsabiqələrin laureatları Dinara Əliyeva konsertdə Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa etmişlər.

 

Heydər Əliyev Fondunun 6 illiyi münasibətilə təşkil olunan xüsusi mərasimdə iştirak etməkdən böyük şərəf hissi duyduğunu bildirən Plasido Dominqo Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını ifa etmişdir. O, bu ifasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə ithaf etdiyini demişdir.

 

Konsertdən sonra Plasido Dominqo Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşmüşdür. 


FOTO