Noyabrın 21-dən 24-dək Bakıda Mərkəzi Neftçilər Xəstəxanası, Türk Kardioloqlar Dərnəyi və Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının (ACSA) birgə təşkilatçılığı ilə keçirilən “İntervension Kardiologiya və Exokardioqrafiya kursları” mövzusunda elmi-praktik konfrans çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə ürək çatışmazlığından əziyyət çəkən beş xəstə üzərində yerli və xarici həkimlərin iştirakı ilə təmənnasız əməliyyat aparılmışdır.
Xəstəxananın şöbə müdiri, ACSA-nın sədri Rəşad Mahmudov bildirmişdir ki, konfransın məqsədi xarici ölkələrin tibb mütəxəssisləri ilə elmi bilik və təcrübə mübadiləsi, tibb sahəsində olan yeniliklərin öyrənilməsi və ölkəmizdə tətbiq olunmasına köməklik göstərilməsidir. Konfransın ilk iki iş günü intervension kardiologiya sahəsinə həsr olunmuş, bu çərçivədə yerli və xarici mütəxəssislər tərəfindən bəzi anadangəlmə və qazanılmış ürək qüsurlarının qapalı metodla cərrahiyyəsiz korreksiyası əməliyyatları canlı şəkildə tətbiq olunmuşdur. Keçirilən tədbirin ən maraqlı tərəfi bütün prosedurların konfrans zamanı aparılması və eyni zamanda süni peyk vasitəsilə canlı yayımla bütün iştirakçılar tərəfindən müşahidə olunmasıdır. Konfransın Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək səviyyədə təşkil olunmuş texniki təchizatı prosedurlar zamanı konfrans iştirakçılarının onlayn rejimində müzakirələrə qoşulması üçün imkan yaratmışdır.
Heydər Əliyev Fondunun köməyi ilə sağlamlıqlarına qovuşan Dərin Özüllər Zavodunda çalışan, zəngilanlı məcburi köçkün Sima İsmayılova, Astara rayonundan Vüsalə Bəşirova, Natalya Qurbanova, azyaşlılar Rza və Muradın valideynləri Çimnaz İsayeva və Mehri Hüseynova Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Qeyd etmişlər ki, həm respublikamızda, həm də onun hüdudlarından çox-çox uzaqlarda xeyirxahlıq və humanizm təşəbbüsləri ilə yaxşı tanınan Mehriban xanım Əliyevanın bu addımı onların ailələrinə böyük sevinc bəxş etmiş, ailə üzvlərinin böyük sevincinə səbəb olmuşdur. Xəstələr və onların yaxınları müraciətlərinə göstərilən diqqətə və təmənnasız müalicəyə görə, xəstəxananın kollektivinə də təşəkkürlərini bildirmişlər.
Rəşad Mahmudov qeyd etmişdir ki, bir sıra elmi-texniki yenilikləri ilə yadda qalacaq bu konfrans son illərdə yüksəliş dövrünü yaşayan Azərbaycan səhiyyəsinin zəngin potensialını əyani şəkildə nümayiş etdirir.