001.jpg
29 mart 2006

Şəkərli diabet xəstəliyi ilə qeydə alınmış azyaşlılara preparatlar və inyeksiya iynələri paylanıb

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə martın 29-da növbəti humanitar aksiya keçirilmişdir.


Fondun 2004-cü ildən başlayaraq həyata keçirdiyi "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində respublika Endokrinologiya, Diabet və Metabolizm Mərkəzində şəkərli diabet xəstəliyi ilə qeydə alınmış azyaşlılara dünyada yüksək keyfiyyətli insulin istehsalçısı kimi tanınan Danimarkanın "Novo Nordisk" şirkətinin istehsal etdiyi preparatlar və onu ağrısız, dəqiq qəbul etməyə imkan verən inyeksiya iynələri paylanmışdır.


Layihənin əlaqələndiricisi Xəyalə Mikayılova, Azərbaycan Diabet Cəmiyyətinin vitse-prezidenti Valeh Mirzəzadə, "Novo Nordisk" şirkətinin Azərbaycandakı nümayəndəsi Rəna Quliyeva çıxış edərək bildirdilər ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın şəxsi köməyi və təşəbbüsü ilə həyata keçirilən bu layihəyə uyğun olaraq, diabetdən əziyyət çəkən uşaqlara dördüncü dəfədir belə yardımlar edilir.


Valideynlər onların övladlarına göstərdiyi belə əvəzsiz köməyə, humanist qayğı və xeyirxahlığa görə Mehriban xanıma minnətdarlıqlarını, ən xoş arzularını bildirdilər. Qeyd etdilər ki, Heydər Əliyev Fondu bu layihənin icrasına başlayandan sonra ölkəmizdəki diabetli uşaqların problemlərinə həm respublikanın əlaqədar səhiyyə təşkilatlarının, həm də ictimaiyyətin, yerli və xarici şirkətlərin diqqəti xeyli artmışdır.


Xatırladaq ki, Azərbaycanda bu xəstəliyə tutulmuş 14 yaşınadək 350 nəfər uşaq qeydiyyatdadır, onların 120-si Bakıda yaşayır.


FOTO