29 may 2012

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ Müalicə-Diaqnostika Mərkəzində böyrək transplantasiyası həyata keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ Müalicə-Diaqnostika Mərkəzində ilk dəfə böyrək transplantasiyası həyata keçirilmişdir.


Mayın 28-29-da həyata keçirilən xeyriyyə aksiyasında 4 hemodializ xəstəsinə-Xaçmaz rayon sakini, 43 yaşlı Nəsibə Əlizamanovaya, Bərdə rayon sakini, 25 yaşlı Ələkbər Cabbarova, Tərtər rayon sakini, 18 yaşlı Elçin Qədirliyə və Qazax rayon sakini, 46 yaşlı Arzu Babayevə yaxın qohumlarının böyrəyi köçürülmüşdür.


Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazıminin rəhbərlik etdiyi 20 nəfərlik tibbi heyət tərəfindən aparılan 8 əməliyyat uğurla başa çatmışdır. Hazırda bütün pasiyentlər özlərini yaxşı hiss edirlər. Xəstələr yüksəkixtisaslı həkim briqadasının nəzarəti altında qarşıdakı 3-5 gün ərzində mərkəzdə müalicə olunduqdan sonra evə buraxılacaqdır.


Uzun illər xroniki böyrək çatışmazlığından əziyyət çəkən bu xəstələr Mərkəzi Neftçilər Xəstəxanasında laborator müayinələrdən keçərək əməliyyata hazırlanmışdı. Pasiyentlərin qohumları ölkəmizdə xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların təmənnasız müalicə edilərək yenidən sağlam həyata qayıtmasına köməklik göstərdiyinə görə dövlətimizin başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.


Mərkəzi Neftçilər Xəstəxanasının şöbə müdiri Mircəlal Kazımi 2008-ci ildən fəaliyyət göstərən Qəbələ Müalicə-Diaqnostika Mərkəzində digər ağır cərrahiyyə əməliyyatları ilə yanaşı, ilk dəfə həyata keçirilən böyrək transplantasiyası üçün də yüksək səviyyədə şəraitin olduğunu bildirmişdir. O, rəhbərlik etdiyi tibbi heyətin iştirakı ilə Bakı, Naxçıvan, Şamaxı, Cəlilabad, Quba və Qəbələdə 25 böyrək köçürmə əməliyyatının həyata keçirildiyini bildirmişdir. Diqqətə çatdırilmışdır ki, onlardan 13-ü regionların payına düşür. Bundan əlavə, onun rəhbərliyi ilə Mərkəzi Neftçilər Xəstəxanasında indiyədək 21 xəstəyə dünyada ən ağır cərrahiyyə əməliyyatı sayılan qaraciyər transplantasiyası həyata keçirilmişdir.