lenkeran-4.gif
29 aprel 2013

Heydər Əliyev Fondu cənub bölgəsində xeyriyyə aksiyası keçirir

Heydər Əliyev Fondu ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı cənub bölgəsində xeyriyyə aksiyası keçirir.


Mayın 2-dək davam edəcək aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasının 25 nəfərdən ibarət həkim və mütəxəssisləri tərəfindən cənub bölgəsində 200-ə yaxın xəstənin müayinə və müalicəsi nəzərdə tutulub.


Lənkəran Müalicə-Diaqnostika Mərkəzində ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi ilə Mərkəzi Neftçilər Xəstəxanasının həkim heyəti tərəfindən açıq ürək əməliyyatları aparılıb.


Anadangəlmə ürək qüsurundan əziyyət çəkən 6 körpə xeyriyyə aksiyası çərçivəsində əməliyyat olunub, Osman Mirzəyev adına Lənkəran qarışıqtipli uşaq evindəki bütün uşaqların ürək müayinələri təşkil edilib.


Lənkəran Müalicə-Diaqnostika Mərkəzində Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi” adlı VII regional elmi-praktik konfrans da keçirilib.


Növbəti aksiya Astara Mərkəzi Rayon Xəstəxanasında keçiriləcək.


FOTO