30 aprel 2013

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.


Müraciətdə deyilir ki, dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində tarixin çox çətin və taleyüklü sınaqlarından çıxaraq dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmiş Azərbaycan Respublikasında qanunçuluğa və hüququn aliliyinə əsaslanan cinayət hüquq siyasəti həyata keçirilir.


Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası hələ uzun illər müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinə, iqtisadi qüdrətinin və xalqımızın rifahını artırılmasına xidmət edəcək.


Ulu öndərin siyasətinin insanpərvərlik ənənələrini daim təşviq edən Heydər Əliyev Fondu amnistiya aktlarının ardıcıl təşəbbüskarı olub. Fondun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2007-ci il mayın 8-də qəbul olunmuş qərarla 9877 məhkum barəsində, 2009-cu il 17 mart tarixli qərarla 9564 məhkum barəsində amnistiya tətbiq edilib. Qeyd olunan amnistiya aktları cinayət törətmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunaraq islah edilməsini stimullaşdırıb, əhali arasında böyük minnətdarlıq hissi ilə qarşılanıb.


Yeni amnistiya aktının layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud 1-ci və 2-ci qrup əlil övladı olanlar, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Həmçinin, cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan, məntəqə tipli cəzaçəkmə məntəqələrində cəza çəkən, islah işləri, ictimai işlərlə cəzalandırılmış bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə onların cəzadan azad olunmaları təklif edilir.


Aparılan təhlillərə əsasən amnistiya aktının təxminən 9000 şəxsə şamil ediləcəyi gözlənilir. O cümlədən 2 mindən artıq məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi nəzərdə tutulur.


Amnistiya aktı haqqında müraciətə Milli Məclisin mayın 7-də keçiriləcək iclasında baxılacaq.