3 fevral 2012

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Cənubi Sudanda humanitar aksiya keçirilib

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə RAGT İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə birlikdə, Rusiya Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin və Beynəlxalq UNAİDS təşkilatının dəstəyi ilə humanitar xeyriyyə aksiyası keçirmişdir.


İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin gənc mütəxəssislərindən ibarət volonterlər qrupu və RAGT-ın nümayəndələri yanvarın 22-dən 28-dək Cənubi Sudanın paytaxtı Cuba şəhərində xeyriyyə missiyası həyata keçirmişlər. Bu humanitar aksiyanın məqsədi Cənubi Sudan əhalisinə tibbi yardım göstərmək idi.


Məlum olduğu kimi, səhiyyə məsələsi Sudan üçün ən ciddi problemdir. Ölkə əhalisinin təxminən 75 faizi tibbi xidmətin ən adi növlərindən istifadə etmək imkanından məhrumdur. Sağlamlıq sahəsində dünyada ən pis göstəricilərə malik olan ölkələrdən biri Cənubi Sudandır. Burada hamilə qadınların orta hesabla yeddi nəfərindən biri hamiləlik dövründə, hər on körpədən biri isə bir yaşına çatmamış vəfat edir. Keyfiyyətsiz qida, bağırsaq infeksiyaları və malyariya Afrikanın bu ölkəsində ən geniş yayılmış xəstəliklərdir.


Həkimlər Cuba şəhərində yerli poliklinikada 75 nəfərdən çox xəstəni ambulator rejimdə qəbul etmişlər. Onlar qarın nahiyəsində ağrılardan, yüksək hərarətdən, malyariya, dizenteriya, pnevmoniya xəstəliklərindən şikayətlənirdilər. Həkimlər hamiləlik dövrünə xas olan xəstəliklərin fəsadlarından şikayətlənən qadınları da qəbul etmiş, onlara zəruri tibbi yardım göstərilmiş, lazımi dərmanlar və müvafiq tövsiyələr verilmişdir. Gənc mütəxəssislər bu ölkədə xəstəliklərin profilaktikası və müalicəsi üzrə mühazirələr oxumuş, yerli əhalini sanitar-gigiyena normaları barədə məlumatlandırmış, bu normalara riayət etməyə, yoluxucu xəstəliklərin profilaktikasını, QİÇS-in profilaktikası və ona qarşı mübarizə metodlarını öyrətmişlər.


İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Uşaq stomatologiya və ortodontiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Adil Məmmədov çənə-üz patologiyaları ilə əlaqədar bir sıra əməliyyatlar aparmışdır. Qırmızı Xaç Cəmiyyətindən olan həkim Coye Rubana ona assistentlik etmişdir. Adil Məmmədov etiraf etmişdir ki, bu ölkədə ixtisaslı tibbi kadrların ümumiyyətlə olmaması, habelə xəstəxananın ümumi vəziyyəti, əməliyyat otağının texniki təchizatı və oradakı alətlər, tibbi heyətin səviyyəsi onu çox heyrətləndirmişdir. “Bizim yeganə arzumuz onlara kömək etmək, onları öyrətmək idi”, - deyən A.Məmmədov volonterlər qrupunun bütün üzvlərinin yüksək təşəbbüskarlığını xüsusi vurğulamışdır: “Biz hamımız bu səfərin məqsədləri barədə düşünür, qarşıya qoyulmuş vəzifələrin müxtəlif həll variantlarını təklif və müzakirə edirdik. Bu təşəbbüs RAGT xətti ilə reallaşdırılmışdır. Təbii ki, onun maliyyə dəstəyi olmasa, biz bu layihəni həyata keçirə bilməzdik. Buna görə Leyla xanım Əliyevaya “çox sağ ol” deyirik”.


Yerli kilsədə nümayəndə heyətinin gənclərlə görüşü olmuşdur. UNAİDS-in dəstəyi ilə təşkil edilmiş görüşün iştirakçıları onları maraqlandıran mövzulara aid suallar vermiş, müxtəlif hədiyyələr, suvenirlər, jurnallar mübadilə edilmişdir. Nümayəndə heyəti yerli məktəbdə də olmuş, şagirdlərə rusiyalı uşaqların çəkdiyi rəsmlər hədiyyə edilmiş, sudanlı uşaqlar isə buna cavab olaraq özlərinin çəkdiyi rəsmləri rusiyalı uşaqlara göndərmişlər.


Volonterlər qrupuna İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin əcnəbi tələbələrlə iş üzrə kuratoru Qulsina Malıyukova, universitetin doktorantı, tibb elmləri namizədi Samir Əliyev, həmin universitetin ordinaturasının ikinci kursunda təhsil alan Yusuf Ocoola da daxil idi.