08.jpg
27 fevral 2014

Moskvada Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilib

Fevralın 27-də Moskvanın “AZIMUT Moscow Olympic” otelinin konfrans salonunda Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilib.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyeva tədbirdə iştirak edib.

 

Mehmanxananın foyesində Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş “Uşaqlar və müharibə” mövzusunda rəsm sərgisi nümayiş olunub. Rəsmlər uşaq evlərinin sakinləri tərəfindən çəkilib.

 

Leyla Əliyeva tədbirdə çıxış edib.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı olan Leyla Əliyevaya minnətdarlığını bildirib, bu kampaniya sayəsində son bir neçə ildə bir çox beynəlxalq təşkilatların müvafiq qətnamələr qəbul etdiyini, dünyada Xocalıda törədilən hərbi cinayətlərin tanınması prosesinin genişləndiyini qeyd edib.

 

Mərasimdə Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Məmməd Əliyev, Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Rusiyanın Yəhudi Dini İcmaları və Təşkilatları Konqresinin vitse-prezidenti Zinovi Koqan, 1992-ci ildə faciə yerindən videoçəkilişlərin aparıldığı helikopterin komandiri Leonid Kravets çıxış ediblər.

 

Sonda “Cəhənnəmi görmüş pilot” filmi nümayiş etdirilib, Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan verilib.

 

Tədbirdə Rusiya ictimaiyyətinin nümayəndələri, siyasətçilər, Moskvada akkreditə olunmuş diplomatik korpusun, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının təmsilçiləri iştirak ediblər.


FOTO

VİDEO