19.jpg
10 iyul 2014

Fransanın Kann şəhərində “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin açılışı olub

İyulun 10-da Fransanın Kann şəhərində bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin açılış mərasimi olub. Sərgi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində baş tutub.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

 

Tədbirin təşkil olunduğu Kannın Festivallar və Konqreslər sarayının direktoru Kler-Ann Reks Azərbaycanın artıq ikinci ildir ki, Kannda uğurlu təqdimatlarla çıxış etdiyini xatırladıb, bunu şəhərin həyatında mühüm hadisə kimi qiymətləndirib. Kler-Ann Reks şəhərə gələn çoxsaylı turistlərin bu tədbirlərə böyük maraq göstərdiklərini bildirib.

 

Mehriban Əliyeva mərasimdə çıxış edib.

 

Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Monselin də çıxışından sonra sərgi ilə tanışlıq olub.

 

Bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin təşkilində məqsəd xaricdə Azərbaycanın qədim və zəngin tarixini, mədəniyyətini təbliğ etməkdir.

 

Sərgidəki bölmələrdən birində rəssamlar Xalidə Səfərova və Kamil Nəcəfzadənin əsərləri təqdim olunur. 50-dən çox rəsm əsərinin toplandığı ekspozisiya Fransaya həsr edilib. “Fransa Azərbaycan rəssamlarının gözü ilə” adlı bölmədəki əsərlərdə bu ölkə, onun regionları və paytaxtı təsvir olunub.

 

Sərgidə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi də təqdim olunur.

 

Azərbaycan mədəniyyəti günləri çərçivəsində Kann şəhərinin sakinləri və qonaqlar Azərbaycana aid qədim misgərlik nümunələrilə də tanış olmaq imkanı qazanıblar. Onlara Azərbaycanın milli geyimləri, milli musiqi alətləri, arxeoloji qazıntılar zamanı tapılan keramika nümunələri də təqdim olunub.

 

Sərgidə Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə təşkil etdiyi sərgilərin davamı olan ayrıca bölmə yaradılıb.

 

Kannda Heydər Əliyev Fondunun Azərbaycanın və onun mədəniyyətinin təbliğinə xidmət edən kitab, buklet və digər nəşrləri də sərgilənir.

 

Sonra Kannın Festivallar sarayında xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Dövlət kamera orkestrinin konserti olub.

 

Sərgi iyulun 31-dək davam edəcək.


FOTO

VİDEO