14224409264097120846_750x500.jpg
27 yanvar 2015

Londonda Azərbaycan rəssamlarının sərgisi açılıb

Londonun məşhur incəsənət qalereyası “Louise Blouin Foundation”da müasir Azərbaycan incəsənətinin nümayəndələri Aidə Mahmudovanın və Faiq Əhmədin “Daxili tədqiqat” (Exploring Inward) adlı birgə sərgisi açılıb. Sərgi “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində baş tutub.

 

Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

 

“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev Mərkəzin həyata keçirdiyi layihələrdən danışıb, ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində keçiriləcək növbəti tədbirlər haqqında məlumat verib.

 

Sərginin kuratoru müasir incəsənət mütəxəssisi, qalereyaçı Fərəh Piriyeva isə Aidə Mahmudova və Faiq Əhmədin sənət və yaradıcılıqlarından söz açıb. O, Azərbaycanın gənc istedadlarının əsərlərinin dünyada böyük maraq doğurduğunu bildirib. 

 

Sonra sərgiyə baxış olub.

 

Fevralın 6-dək davam edəcək sərgidə qədim tarixi köklərlə müasirliyin vəhdətini əks etdirən Azərbaycan incəsənəti təqdim olunur.


FOTO

VİDEO