006.jpg
14 iyul 2015

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

İyulun 14-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub.


Fransanın tanınmış ictimai-siyasi xadimlərinin, nüfuzlu şəxslərinin qatıldığı tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.


Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlametlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva mərasimdə çıxış edib.


Kann şəhərinin meri David Lisnar çıxışında Azərbaycan-Fransa əlaqələrinin inkişafından danışıb, bütün sahələrdə, o cümlədən mədəniyyət sferasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib. “Bakı-2015” birinci Avropa Oyunlarının uğurla keçməsini və qısa müddətdə Azərbaycanda müasir idman infrastrukturunun yaradılmasını qeyd edən Kannın meri vurğulayıb ki, rəhbərlik etdiyi şəhər gələcəkdə ölkəmizin təcrübəsindən bəhrələnmək niyyətindədir. “Azərbaycan bəşər sivilizasiyasının mühüm bir parçasıdır” - deyən David Lisnar yaxın gələcəkdə mədəniyyət, turizm və idman sahələrini təmsil edən rəsmi nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlmək niyyətində olduğunu diqqətə çatdırıb.


Sonra Kannda ənənəvi “Pirotexnika sənəti” festivalına start verilib. “Bakı Atəşfəşanlıq Qrupu” ənənəvi “Pirotexnika sənəti” festivalının açılışını edib. Ölkəmiz bu festivalda  2013-cü ildən iştirak edir. Builki atəşfəşanlıq həm də müsabiqə xarakterli olması ilə seçilir.


“Bakı Atəşfəşanlıq Qrupu”nun 25 dəqiqəlik şousunun Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin ölməz əsərləri və görkəmli muğam ustası Alim Qasımovun ifası ilə müşayiət olunması böyük maraqla qarşılanıb. Tədbir iştirakçıları və Kruazett bulvarı boyunca yerli sakinlər, turistlər Azərbaycan musiqisi sədaları altında möhtəşəm şounun şahidi olublar.


Avqustun 24-dək davam edəcək “Pirotexnika sənəti” atəşfəşanlıq müsabiqəsində Azərbaycanla yanaşı Polşa, Fransa, İngiltərə və Argentina da iştirak edir.


FOTO

VİDEO