002.JPG
27 aprel 2016

Bakı Qlobal Forumu çərçivəsində “Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda ikinci plenar iclas keçirilib

Aprelin 27-də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda ikinci plenar iclas keçirilib.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva plenar iclasda çıxış edib.

 

Plenar iclasın aparıcısı, BMT-nin Müxbir Assosiasiyasının prezidenti Giampaolo Pioli bildirib ki, sosial inteqrasiya təkcə az inkişaf edən ölkələrin deyil, həm də inkişaf etmiş ölkələrin problemi olaraq qalır. Bu mənada məsələyə ekspertlərin münasibətini öyrənmək, bu sahədə aparılan araşdırmalarla tanış olmaq çox maraqlıdır.

 

San Patrinyano Cəmiyyətinin qurucusu və nümayəndəsi xanım Letizia Moratti bu tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O, inklüziv cəmiyyətlərin qurulması istiqamətində mövcud problemlərin həllinin ilk növbədə gənclərin məşğulluğunun təmin olunmasından keçdiyini söyləyib. Bu, ilk növbədə gəncləri pis vərdişlərdən kənarlaşdırar, onların hazırda dünyanı narahat edən qanlı aksiyaları törətməkdən çəkindirər. Bundan əlavə, gender bərabərliyinin təmin olunması və miqrasiya probleminə daha ciddi yanaşma inklüziv cəmiyyətlərin qurulmasında əsas maneə kimi çıxış edir. L. Moratti qeyd edib ki, bu problemlərin həlli ilk növbədə onların mövcud olduğu yerdə mümkündür və sosial problemlərin reabilitasiya prosesindən keçməsi bu cür halların təkrarlanması riskini azaldır.

 

İspaniyanın keçmiş xarici işlər naziri Migel Anxel Moratinos Azərbaycan hökumətinə bu tədbiri təşkil etdiyinə görə minnətdarlığını çatdırıb. O, ətraflı çıxışına görə Mehriban Əliyevaya da təşəkkürünü bildirib. Keçmiş nazir sivilizasiyalar arasında dialoqun yaranmasının hazırda dünyanı narahat edən ciddi problemlərdən biri olduğunu deyib. Bildirib ki, bu missiyanın yerinə yetirilməsində sosial fəaliyyətlər böyük əhəmiyyət daşıyır. Məsələn, qlobal miqyasda terrorçuluğun qarşısının alınmasının siyasi proqramlarda bir nömrəli məsələ olmasının vacibliyini deyən M. Moratinos VII Qlobal Forumun Bakı Bəyannaməsinin qarşıda duran bütün problemlərin həllinə yardım edəcəyinə əminliyini bildirib.

 

Türkiyənin Avropa İttifaqı üzrə keçmiş naziri Egemen Bağış bildirib ki, Bakı Forumu sivilizasiyalar arasında sülh və dialoqun mümkün olduğunu bir daha göstərir. Sosial inteqrasiyaya gəldikdə, Ermənistanı nümunə gətirərək bu ölkənin tezliklə Azərbaycanla sülhü bərpa etmək istiqamətində addımlar atmasının vacibliyini xatırladıb. Əks təqdirdə, Ermənistanda baş qaldıran sosial problemlər bu ölkənin tamamilə boşalmasına və yoxsulluq həddinin daha da artmasına gətirib çıxaracaq. Türkiyədə həyata keçirilən sosial proqramlar barədə məlumat verən Egemen Bağış ailənin bütün sosial proqramların mərkəzində dayanmalı olduğunu söyləyib.

 

Sonra iclas müzakirələrlə davam etdirilib. Çıxış edənlər sosial inteqrasiyanın əsas prinsipi kimi təhsilin daha da inkişaf etdirilməsi platformasını irəli sürüblər, bu sahədə müasir texnologiyaların tətbiqinin zəruriliyindən danışıblar.


FOTO

VİDEO