0.JPG
19 sentyabr 2016

Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub

Sentyabrın 19-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

 

Paytaxt Parisdə, Eyfel qülləsinin yanındakı Jofr meydanında təşkil olunan “Azərbaycan şəhərciyi”nin rəsmi açılış mərasiminə, həmçinin Fransanın tanınmış ictimai-siyasi xadimləri qatılıblar.

 

Tədbirin aparıcısı “Azərbaycan şəhərciyi”nin böyük maraqla qarşılandığını bildirdi.

 

“Azərbaycan şəhərciyi”nin açıldığı Parisin 7-ci rayonunun meri Raşida Dati mərasimdə çıxış etdi. Mer bu şəhərciyin məhz onun rəhbərlik etdiyi rayonda açılmasından məmnunluğunu bildirdi.

 

Bu şəhərcik vasitəsi ilə fransızların ölkəmiz haqqında daha çox məlumat əldə edəcəklərinə ümidvar olduğunu deyən Raşida Dati Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən, ölkələrimiz arasındakı münasibətlərin inkişafına Heydər Əliyev Fondunun töhfəsindən, Azərbaycanın qədim tarixə malik müasir ölkə olmasından danışdı.

 

Mehriban Əliyeva mərasimdə çıxış etdi.

 

Sonra Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel çıxış edərək vurğuladı ki, bu tədbir bütün Paris sakinlərinin diqqətini cəlb edib. Jan Fransua Mansel Azərbaycanın bütün dünya üçün tolerantlıq nümunəsi olduğunu diqqətə çatdırdı. Bildirdi ki, birgəyaşayışın Azərbaycan modeli Fransada da geniş yayılmalıdır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini də vacib saydığını qeyd etdi.

 

XXX


Azərbaycan həqiqətlərini Fransada təbliğ etdiyinə görə Jan Fransua Manselə minnətdarlığını bildirən Mehriban Əliyeva dedi:

 

- Hörmətli cənab Mansel, mən sizi və Azərbaycanın Dostları Assosiasiyasının bütün üzvlərini səmimi qəlbdən salamlayıram. Sizi görməyə çox şadam.

 

Biz Azərbaycanda bu Assosiasiyanın fəaliyyətini çox yüksək qiymətləndiririk. Siz Azərbaycanın reallıqlarını burda – Fransada olduğu kimi təqdim edirsiniz.

 

Mən çox şadam ki, Assosiasiyanın üzvləri ildən-ilə artır və bu, o deməkdir ki, Fransada Azərbaycanın dostlarının sayı artır.

 

Bir daha sizə dərin minnətdarlığımı bildirirəm.

 

XXX

 

“Azərbaycan mətbəx mədəniyyəti” kitabında yer alan fotoların müəllifi Fransada yaşayan tanınmış amerikalı fotoqraf Peter Lippmann çıxış edərək nəşrin ərsəyə gəlməsindən danışdı.

 

Sonra “Azərbaycan şəhərciyi” ilə tanışlıq oldu. Şəhərçikdə təşkil olunan xalq sənətkarlıq emalatxanalarında xalçaçılıq, misgərlik və şəbəkə, taxta üzərində oyma, dulusçuluq, kəlağayı və digər sənət nümunələrinin yaradılması prosesi ilə yaxından tanış olmaq mümkündür.

 

Şəhərcikdə daha bir yenilik isə “Uşaq zonası”dır. Kukla teatrı, emalatxana və istirahət zonasından ibarət hissədə xalq nağılları əsasında kuklalarla qurulmuş səhnəciklər göstərilir.

 

Muzey bölməsində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar, o cümlədən misgərlik məmulatları, milli geyimlər, musiqi alətləri, xalçalarımız və digər sənət nümunələri sərgilənir.

 

“İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” bölməsində Mərkəzin yetirmələri tərəfindən yaradılmış əsərlər-batika, keramika, zərgərlik və taxta üzərində oyma nümayiş olunur.

 

Şəhərçiyin kitabxana zonasında Heydər Əliyev Fondunun ölkəmiz, o cümlədən xalqımızın milli-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti, tarixi, Azərbaycan həqiqətləri barədə geniş və dolğun məlumatların əks olunduğu müxtəlif nəşrləri nümayiş etdirilir və qonaqlara hədiyyə olunur.

 

Şəhərçiyin sərgi bölməsində “Partizanın izi ilə” sərgisi İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr olunub.

 

Mehriban Əliyeva Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılovla görüşdü. Cavanşir Cəbrayılov atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirdi.

 

“Bir günəş altında” layihəsi çərçivəsində açılan sərgidə isə Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan fotolar, eləcə də eyniadlı film nümayiş olunur. Sərgidəki fotolar və film Azərbaycanın müxtəlif guşələrində çəkilib və burada 20 azsaylı xalqın tarixi, mədəniyyəti və adət-ənənələri təqdim edilir.

 

“Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə” sərgisində fransız fotoqraflar Samuel Qrataka və Jan-Fransua Rozyenin hər iki şəhərin mənzərələrini, abidələrini, gündəlik həyatını əks etdirən fotoları təqdim olunur. Fransız fotoqraflar Gəncə və Qəbələdə Azərbaycan təbiətinin gözəllikləri, özünəməxsus mədəniyyət və adət-ənələrini fotokameralarının yaddaşına həkk ediblər.

 

Şəhərçikdə ilk dəfə olaraq həm də “Turizm Mərkəzi” layihəsi təqdim olunur. Burada Azərbaycanın turizm bölgələri və marşrutları barədə ətraflı məlumat verilir.

 

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun daha bir yeni nəşri - “Azərbaycan mətbəx mədəniyyəti” adlı kitabının təqdimatı da oldu. Nəşrdə Azərbaycanın milli mətbəxinin tarixi kökləri və zəngin mətbəx mədəniyyəti barədə ətraflı məlumat verilib.


Bu dəfə “Azərbaycan şəhərciyi”ndə ilk dəfə olaraq “Qız qalası” beynəlxalq incəsənət festivalı da təşkil olunub. Festival 2013-cü ildə Kann şəhərindən sonra ikinci dəfədir ki, Azərbaycandan kənarda keçirilir. Bu dəfə 4 fransız və 2 azərbaycanlı rəssamın əl işi olan “Qız qalası” maketləri sərgilənir.

 

Şəhərcikdə qonaqlara Azərbaycanın ilk rəsmi hədiyyə və suvenir brendi olan “I Love Baku” stendi də təqdim edilir.

 

Burada, həmçinin Fransada Azərbaycanın Dostları Assosiasiyası da təqdim olunur.


Mehriban Əliyeva Assosiasiyasının xatirə kitabına ürək sözlərini yazdı.

 

Azərbaycan mətbəxinin təbliğ olunduğu hissə də böyük maraqla qarşılanır. Burada milli mətbəximizin təamlarının hazırlanması nümayiş olunur.

 

Azərbaycan Dövlət rəqs ansamblının çıxışı böyük maraqla qarşılandı.

 

Şəhərcikdə fəaliyyət göstərən restoranda isə Azərbaycan milli mətbəxinin bir-birindən dadlı təamları təqdim edilir.

 

Şəhərcikdəki qida məhsulları yarmarkası böyük maraqla qarşılanır. Burada Azərbaycanda müxtəlif qida məhsulları istehsalçılarının məhsulları təqdim olunur.

 

Şəhərcikdə İçərişəhərin maketi də qoyulub. Bu maket sərgi iştirakçılarına İçərişəhərlə vizual tanış olmağa şərait yaradır.

 

Qeyd edək ki, 2014-cü ildən etibarən artıq üçüncü ildir reallaşdırılan bu layihə Fransa sakinləri və turistlər arasında böyük maraq doğurduğundan bu dəfə “Azərbaycan şəhərciyi”nin konsepsiyası genişləndirilib. Sentyabrın 17-dən fəaliyyətə başlayan “Azərbaycan şəhərciyi” sentyabrın 25-dək davam edəcək.

 

Sonra Mehriban Əliyeva adından tədbir iştirakçılarının şərəfinə ziyafət verilib. Tədbirdə çıxış edən Mehriban Əliyeva Parisdə yenidən görüşməyə şad olduğunu bildirib. Qeyd edib ki, Fransa paytaxtında Azərbaycan şəhərciyinin açılışı Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək.


FOTO

VİDEO