013.JPG
29 dekabr 2016

Heydər Əliyev Fondu uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib

Dekabrın 29-da Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində “Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik təşkil edib.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak ediblər.

 

Uşaqlar Heydər Əliyev Fondunun təşkil etdiyi şənliyin keçirildiyi məkana onlar üçün ayrılmış avtobuslarla gətiriliblər. Xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən bu məkanda uşaqları sevindirmək üçün nağıllar aləmindəki kimi ab-hava yaradılmışdı.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində uşaq evləri və internat məktəblərində tərbiyə alan, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin, Psixonevroloji Mərkəzin azyaşlı sakinləri üçün şənlik təşkil edilir. Bu il də istisna olmadı.

 

Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşündən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başladı.

 

Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edildi. Bu proqram, sarayda balacalar üçün qurulan və əsl bayram əhvali-ruhiyyəsi bəxş edən dekorasiyalar uşaqların sevincini daha da artırdı. Bər-bəzəkli sarayda rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən, möcüzələrə heyrət edən uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı. Bayram şənliyində uşaqların təbəssümü bu sevinci onlara bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi.

 

Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşdılar. Azərbaycanın birinci xanımı uşaqların sevinc və fərəhini bölüşdü, onlarla səmimi söhbət etdi.

 

Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, Bakının 1 və 2 saylı uşaq evlərinin, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaq kollektivləri də maraqlı proqramla çıxış etdilər. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl həyəcan hissləri doğurdu. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng etdi.

 

Qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların əhatəsində oldular, onlarla birlikdə şənləndilər.

 

Mehriban Əliyeva bayram şənliyində çıxış edib.

 

Beləliklə, Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bayram şənliyi yüzlərlə uşağı sevindirdi. Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olundu. Fondun balacalara hədiyyə etdiyi və iki gün davam edən bu bayram şənliyi uşaqların yaddaşında silinməz iz qoydu.


FOTO

VİDEO

Paylaş: