006.JPG
30 mart 2018

Bakıda Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub

Martın 30-da Bakıda, İçərişəhərdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

 

Hamımızın sevdiyi “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmlərinin ssenari, “Mezozoy əhvalatı”, “Sən nəğməmsən mənim”, “Truskavetsə kim gedir?”, “Bütün yaxşılıqlar üçün - ölüm!” və digər əsərlərin müəllifi Maqsud İbrahimbəyovun oxucu və tamaşaçılarının sayı milyonlarladır. Onu həm Azərbaycanda, həm də xaricdə tanıyır, sevir və görkəmli yazıçı kimi yüksək qiymətləndirirlər.

 

Xalq yazıçısı, görkəmli kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi martın 30-dan etibarən İçərişəhərdə fəaliyyətə başlayır.

 

Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzin binasında yaradılmış şəraitlə tanış olub.

 

Yazıçının həyat yoldaşı Anna İbrahimbəyova Mehriban Əliyevaya məlumat verib ki, burada Maqsud İbrahimbəyovun muzeyi, yazıçının kitabxanası və ədəbiyyat otağı yerləşir. Ədəbiyyat otağında yazıçının müxtəlif illərdə həm rus, həm Azərbaycan dillərində nəşr olunan, həm də 36 xarici dilə tərcümə edilən kitabları təqdim olunur. Burada, həmçinin yazıçının əsərlərinin dərc olunduğu bütün dərgilər toplanıb. Bundan başqa, eksponatlar arasında Maqsud İbrahimbəyovun ədəbiyyat və ictimai-siyasi fəaliyyət sahələrində əldə etdiyi nailiyyətlərə görə müxtəlif vaxtlarda təltif olunduğu orden və medallar, digər mükafatlar, deputat mandatları, fəxri fərmanlar, həmçinin 2012-ci ildə yazıçının Nobel mükafatına namizədliyinə dair sənəd də var.

 

Maqsud İbrahimbəyov iki azərbaycanlı zadəgan ailəsinin xələfi olub: atası Məmmədibrahim Əhməd oğlu İbrahimbəyov, anası Fatma Ələkbər qızı İbrahimbəyova-Məşədibəyova. Yaradıcılıq Mərkəzində Məşədibəyov və İbrahimbəyov ailələrinin fotoşəkilləri, eləcə də onlara məxsus qədim məişət əşyaları təqdim edilir. Mərkəzdə, həmçinin Maqsud İbrahimbəyova məxsus silah kolleksiyasının nümayiş olunduğu zal var. Maqsud İbrahimbəyov silah kolleksiyası toplayırdı. Onun kolleksiyasında dünyanın müxtəlif ölkələrindən gətirilən və ya dostları tərəfindən hədiyyə olunan qədim silahların nadir nümunələri var. Burada kitabxana və konfrans zalı da yerləşir.

 

Mehriban Əliyeva Yaradıcılıq Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıb.

 

Anna İbrahimbəyova Mehriban Əliyevaya və Leyla Əliyevaya Xalq yazıçısının “Qoy, o bizimlə qalsın” və “Ondan yaxşı qardaş yox idi” kitablarını hədiyyə edib.

 

Sonra Anna İbrahimbəyova Maqsud İbrahimbəyovun sədri olduğu və zadəgan nəslindən olan şəxslərin şəcərəsini tanıtmaq və yaddaşlarda qoruyub saxlamaq məqsədini daşıyan Əsilzadələr Məclisinin 2006-cı ildə imzaladığı, İlham Heydər oğlu Əliyevin və Mehriban Arif qızı Əliyevanın Əsilzadələr Məclisinin üzvü olduqlarını təsdiqləyən şəhadətnamələri Birinci vitse-prezidentə təqdim edib. Şəhadətnamələrdə qeyd edilir ki, bu sənədin sahibinin bütün nəsli Azərbaycanın Əsilzadələri cərgəsində hesab olunur.

 

Qeyd edək ki, 2016–2017-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Mərkəzin binasında əsaslı bərpa və konservasiya işləri aparılıb. Azərbaycan Prezidentinin 2018-ci il 1 fevral tarixli Sərəncamına əsasən indi bu binada Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi fəaliyyət göstərəcək. Yaradıcılıq Mərkəzinin fəaliyyəti gənc yazıçılara dəstək, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliği, yaradıcı gənclər üçün kreativ mühitin yaradılması və xarici ölkələrin mədəniyyət təşkilatları ilə əməkdaşlığa yönəlib.

 

Mehriban Əliyeva Mərkəzin açılış mərasimində çıxış edib.

 

Yazıçının həyat yoldaşı Anna İbrahimbəyova Maqsud İbrahimbəyovun xatirəsinə göstərilən hörmətə və Mərkəzin yaradılması ilə bağlı dəstəyə görə Mehriban Əliyevaya təşəkkürünü bildirib:

 

- Əziz dostlar, nə yaxşı ki, siz gəlmisiniz. Çox sağ olun.

 

Mən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzini yaradan Heydər Əliyev Fonduna çox minnətdaram. Mehriban xanım, dəstəyə, iştiraka, Maqsud müəllimə, onun yaradıcılığına olan gözəl münasibətə görə çox sağ olun. Mən isə öz növbəmdə çalışacağam ki, bura maraqlı olsun və sizin hamınız buraya məmnuniyyətlə gələsiniz.

 

Sonra Xalq yazıçısının həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət videoçarx nümayiş etdirilib.

 

Videoçarx Maqsud İbrahimbəyovun “Uzun ömür yaşayın və qoy sizin ömrünüzün hər günü sevinclə dolu olsun” sözləri ilə yekunlaşır.

 

Yazıçının dostu, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman çıxışını Maqsud İbrahimbəyova müraciətlə başlayıb. “Burada sənin dostların, səni sevənlər toplaşıblar”, - deyən Mixail Qusman “Əsilzadələr Məclisi”nə rəhbərlik edən Maqsud İbrahimbəyovun özünün həm genetik, həm ruhən zadəgan nəslindən olduğunu vurğulayıb. TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini vətənpərvərliyin və xeyriyyəçilik fəaliyyətinin təbliği, uşaqlara, yoxsul ailələrə və müharibə veteranlarına yardım göstərməklə məşğul olan Azərbaycan Respublikasının Milli Sülh Komitəsinin rəhbəri Maqsud İbrahimbəyovun bu sahədəki fəaliyyətinə toxunub və “Sənin kimi insanlar olmadan bu dünyanı xilas etmək mümkün deyil” söyləyib.

 

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli yazıçı ilə hər görüşdə bir–birilərinə şeirlər həsr etdiklərini bildirib və iyirmi il bundan əvvəl Maqsud İbrahimbəyova yazdığı şeirini oxuyub.

 

Qeyd edək ki, Xalq yazıçısı Maqsud İbrahimbəyov tələsməyən tərzdə qeyri-adi və gündəlik hadisələr haqda yazırdı, personajlarının mənəvi dünyasını dərindən tədqiq edərək, xasiyyətlərini oxucuya çatdırırdı. Bir çox əsərlərində yazıçı ümumbəşəri problemlər kontekstindən çıxış edərək, öz ənənələri ilə güclü olan Şərq insanının həyat tərzini göstərirdi. Ötən əsrin 60-cı illərində ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə çoxsaylı pərəstişkarlarının dərin hörmət və ehtiramını qazanıb. Maqsud İbrahimbəyovun yaradıcılığında Azərbaycan xalqının milli xüsusiyyətləri, adət-ənənələri, xüsusilə Bakının özünəməxsus koloritinin təsviri yaddaqalan tərzdə əksini tapıb.



FOTO

VİDEO