004.JPG
18 may 2018

Parisdə UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın 80 illiyi münasibətilə konfrans keçirilib

Mayın 18-də Parisdə UNESCO-nun baş qərargahında 1999-2009-cu illərdə təşkilatın baş direktoru olmuş Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə konfrans keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak edib.

 

Mehriban Əliyeva UNESCO-nun baş qərargahında təşkilatın keçmiş rəhbərləri, fəxri və xoşməramlı səfirləri ilə görüşüb.

 

Azərbaycan-UNESCO münasibətlərinin inkişafında Mehriban Əliyevanın mühüm xidmətləri var. Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə 2004-cü ilin sentyabrında UNESCO-nun xoşməramlı səfiri adına layiq görülən Mehriban Əliyeva dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycanın mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə 2008-ci ildə keçmiş baş direktor Koişiro Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə sabiq baş direktor İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilib. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə də UNESCO-nun çox səmərəli əməkdaşlığı mövcuddur. Məhz Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almaqdadır.

 

UNESCO-nun Keçmiş Üzvləri Assosiasiyasının sədri Corc Kutukcen Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı və tədbirin digər iştirakçılarını salamlayıb. O, həmçinin 1974-1987-ci illərdə UNESCO-nun baş direktoru olmuş Amadu Mahtar Mbou və 1987-1999-cu illərdə həmin vəzifədə çalışmış Federiko Mayorun təbrik məktublarını oxuyub.

 

UNESCO-nun baş direktoru Odri Azule Koişiro Matsuuranın qurumun inkişafındakı xidmətlərinə toxunub, onun idarəçilik təcrübəsinin bu gün də davam etdirildiyini söyləyib.

 

Mehriban Əliyeva konfransda çıxış edib.

 

Sonra 2009-2017-ci illərdə UNESCO-nun baş direktoru olmuş İrina Bokova Koişiro Matsuuranın rəhbərliyi dövründə UNESCO-nun qəbul etdiyi mühüm sənədləri xatırladıb. İrina Bokova mandatlığı dövründə göstərdiyi dəstəyə görə Mehriban Əliyevaya minnətdarlıq edib.

 

UNESCO-nun Baş Konfransının sədri Zohur Alaui Koişiro Matsuuranın mədəniyyətlərarası dialoqun və multikulturalizmin inkişafına verdiyi töhfələrdən danışıb və onun prioritet elan etdiyi istiqamətlərin vacibliyini vurğulayıb.

 

2009-2011-ci illərdə İcra Heyətinin sədri olmuş Eleonora Mitrofanova Koişiro Matsuuraya dünyada xalqlararası sülhü təşviq etdiyinə görə “Sülh, dostluq və əməkdaşlıq” medalını təqdim edib.

 

Tədbirdə 2004-2008-ci illərdə UNESCO yanında Amerika Birləşmiş Ştatlarının səfiri olmuş Luiz Oliverin məktubu da oxunub.

 

Daha sonra UNESCO-nun fəxri və xoşməramlı səfirləri Marianna Vardinoyannis, Setsuko Klossovska de Rola və Bahia Hariri Koişiro Matsuuranın UNESCO-ya rəhbərliyi dövründə təşkilatın fəaliyyətinin genişlənməsindəki xidmətlərini vurğulayıblar.

 

Sonda çıxış edən Koişiro Matsuura UNESCO-ya rəhbərliyi dövründə fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb. O, Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya onun haqqında söylədiyi xoş sözlərə görə təşəkkürünü bildirib və onun dəstəyi ilə həyata keçirilən çoxsaylı əhəmiyyətli layihələri qeyd edib. Ulu öndər Heydər Əliyevin dəvəti ilə 2000-ci ildə Bakıda türkdilli dövlətlərin Sammitində iştirakını xatırladan Koişiro Matsuura bildirib ki, həmin səfəri çərçivəsində Mehriban Əliyeva ilə görüşüb. Həmin görüşdə Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına təqdim edilməsi müzakirə olunub. Koişiro Matsuura vurğulayıb ki, bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Mədəni və Qeyri-Maddi Mədəni İrs Siyahısına Azərbaycan mədəniyyətinin bir çox inciləri daxil edilib. O, ölkəmizin Birinci vitse-prezidentinə UNESCO-nun xoşməramlı səfiri kimi mədəni irsin qorunması sahəsinə göstərdiyi diqqətə görə təşəkkür edib. “Azərbaycanla bağlı zəngin xatirələrim var”, - deyən Koişiro Matsuura bu ilin oktyabrında ölkəmizdə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə də Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib.


FOTO

VİDEO