Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Aşağı Gövhər Ağa məscidində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri ilə tanış olublar.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlərlə bağlı məlumat verdi.
Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan şəhər və rayonlarımız, oradakı yaşayış və inzibati binalar, bütün infrastruktur ermənilər tərəfindən dağıdılıb, təbii sərvətlərimiz talan edilib, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimiz vandalizm aktlarına məruz qalıb. İşğal altında olan torpaqlarımız Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edildikdən sonra bu ərazilərdə geniş bərpa-quruculuq işlərinə başlanılıb. Bu çərçivədə Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən də bir sıra tarixi, mədəni abidələrin bərpası üzrə layihələr həyata keçirilir.
Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidləri ilkin layihəyə uyğun olaraq bərpa olunur. Hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Ötən bir il ərzində Azərbaycan, Avstriya, İtaliya, Latviya və Türkiyədən olan ekspertlər tərəfindən qeyd olunan məscidlərdə qiymətləndirmə işləri aparılıb, bərpa layihəsi işlənilib. Heydər Əliyev Fondu tarixi Yuxarı Gövhər Ağa məscidində bərpa işlərinin birinci mərhələsini artıq başa çatdırıb. Hazırda məsciddə ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məsciddə ilkin layihə qorunmaqla möhkəmləndirmə işləri həyata keçiriləcək, məscidin ərazisində olan və ermənilər tərəfindən dağıdılmış mədrəsə də bərpa ediləcək. Ən geniş bərpa işləri dağıntıların miqyasına uyğun olaraq, Aşağı Gövhər Ağa məscidində aparılacaq. Məscidlərin minarələri bərpa olunacaq, eləcə də dam və döşəmə örtükləri dəyişdiriləcək.