33.JPG
5 avqust 2022

VIII “Muğam” Televiziya Müsabiqəsinə Şuşada yekun vurulub

Avqustun 5-də Şuşada Bülbülün ev-muzeyinin həyətində təşkil olunan VIII “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilib.

 

İlk olaraq Xalq artisti Mənsum İbrahimovun ifasında “Qarabağ” mahnısı dinlənilib. Xan Şuşinskinin ifasında səslənən “Şuşanın dağları” mahnısının lent yazısı musiqi bayramına xüsusi rəng qatıb.

 

Müsabiqəyə Xalq artistləri Arif Babayev, Mələkxanım Eyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və müsabiqənin icraçısı Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi münsiflik edib.

 

Münsiflərdən Xalq artisti Arif Babayev final mərhələsinin iştirakçılarına xeyir-dua verib: “Şuşa Azərbaycan mədəniyyətinə böyük dühalar, musiqi xiridarları bəxş edib. Bu torpaq basılmazdır, biz onun qucağına yenə də gəldik və yenə də gələcəyik. Çox şükür ki, Qarabağ torpağının üstündəyik, Şuşadayıq, alınmaz bir qaladayıq. Biz burda daim yaşayıb-yaradacağıq. Şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyirəm. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sağ ol deyirəm. Mehriban xanım bəlkə də dünyanın xeyirxah xanımları arasında birincidir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox böyük işlər görüb və onlardan biri də məhz muğam müsabiqəsidir. Bu, çox böyük işdir və inanırıq ki, muğamımız, muğamatımız etibarlı əllərdədir və həmişə yaşayacaq”.

 

Sonra söz müsabiqənin finalçılarına verilib. Müsabiqənin finalında gənc xanəndələr Fuad Əzizzadə, Ülkər Abdullayeva, Daşqın Kürçaylı, Aynur Həsənxanova, Vüqar Əbilov, Pedram Rəncbər və Məftun Səfərli ilə yanaşı, azyaşlı ifaçılar Həzrət Əzizli, Fatimə Kərimova və Sabir Ağayevin çıxışları dinlənilib, münsiflər heyətinin məşvərətindən sonra qaliblərin adı elan olunub.

 

Azyaşlı ifaçılar arasında birinci yerə Həzrət Əzizli, ikinci yerə Fatimə Kərimova, üçüncü yerə isə Sabir Ağayev layiq görülüblər.

 

Gənc xanəndələr arasında isə Fuad Əzizzadə birinci, Ülkər Abdullayeva və Aynur Həsənxanova ikinci, Daşqın Kürçaylı və Vüqar Əbilov üçüncü yeri tutublar.

 

Münsiflərin qərarı ilə Pedram Rəncbərə və Məftun Səfərliyə həvəsləndirici mükafatlar verilib.

 

Müsabiqənin digər iştirakçılarına diplomlar təqdim olunub.

 

Müsabiqənin icraçısı Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi qalibləri təbrik edərək deyib: “Biz bu müsabiqədə yeni istedadlar kəşf etdik, gözəl səslər, ifalar dinlədik. Muğam müsabiqəsinin yekununda mən bütün yaradıcı heyət, gənclər, musiqiçilər adından himayədarımız, klassik sənətimizin, ümumiyyətlə Azərbaycan milli mədəniyyətinin keşiyində dayanan ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür etmək istəyirəm. Son onilliklərə nəzər salanda görürük ki, Azərbaycan klassik mədəniyyəti, ümumiyyətlə milli mədəni irsimiz, milli dəyərlərimizlə əlaqədar istənilən tədbirin əvvəli də, sonu da Mehriban Əliyevanın adı ilə bağlı olur. Bunun üçün Azərbaycanın birinci xanımına xüsusi təşəkkür edirik. Son onilliklərdə onun mədəniyyətimizə olan diqqət və qayğısı sayəsində milli-mənəvi dəyərlərimizin xeyli dərəcədə yüksəldiyinin şahidi olmuşuq. Yaşlı nəsil yaxşı xatırlayır ki, bir vaxtlar milli musiqimiz, ədəbiyyatımız, klassik poeziyamıza layiqincə dəyər verilməsi məsələsinə ümidsiz yanaşırdıq. Bu sahəyə diqqət və qayğı olduqca az idi, lakin Heydər Əliyev Fondu təşəbbüsü üzərinə götürəndən sonra o qədər istedadlı gənc meydana çıxır ki, hətta bəzən onlardan kimlərinsə adları unudulur, bir qismini isə yada salmaq olmur. Ona görə ki, bu gün böyük bir sənətkarlar nəsli yetişməkdədir. Bizim gələcək mədəniyyətimiz bu gün burada iştirak edən gənclərin, azyaşlı uşaqların çiyinləri üzərində olacaq”.

 

Sonra qaliblərin ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.

 

Qalibləri təbrik edən Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu Şuşada muğam müsabiqəsində iştirak etməyin çox böyük uğur olduğunu söyləyib, müsabiqənin təşkilatçılarına təşəkkürünü bildirib. Onun ifasında “Gülə-gülə ay xanım” və “Şən Azərbaycan” mahnıları səslənib.

 

Qeyd edək ki, Müsabiqənin seçim turları aprelin 9-da başlanıb, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə edib. Yarışma mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.


FOTO