Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” keçirilib.
2016-cı ildən etibarən ənənəvi olaraq təşkil edilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplaması ilə seçilir.
“Heydər Əliyev İli” çərçivəsində təşkil edilən builki Bakı Marafonu Ümummilli Liderin 100 illik yubileyinə həsr olunub.
Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak ediblər. Budəfəki marafonda iştirak etmək üçün 19 min 500 nəfər qeydiyyatdan keçib. Marafonda iştirak etmək üçün Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da qeydiyyatdan keçiblər. Bunların sırasında bu il ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar olublar. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışıblar.
Marafon birincilik uğrunda yarışla yanaşı, həm də iştirakçılarda yaratdığı gözəl əhval-ruhiyyə ilə yaddaqalan olur. İştirakçılar bu il də yarışa böyük marağı, yarışa xüsusi hazırlaşlıqları ilə seçilirdi. Marafon başlayanadək start nöqtəsi ərazisindəki fan zonada müxtəlif əyləncələr, şoular, tanınmış müğənnilərin konserti olub.
Yarışda, eyni zamanda, Qarabağ qaziləri, fiziki imkanları məhdud olan şəxslər iştirak ediblər.
Marafonda birinci start fiziki imkanları məhdud şəxslər və daun sindromlu uşaqlar üçün verilib. İkinci startda isə digər iştirakçılar yarışa qoşulublar.
“Küləyə qalib gəl” şüarı altında keçirilən yarımarafon 21 kilometr məsafəni əhatə edib. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub, marşrut Dənizkənarı bulvar zonasından keçməklə şəhərin mərkəzi küçə və prospektlərini əhatə edib.
Maraqlı idman mübarizəsinin sonunda qaliblər müəyyənləşib. Qadınların yarışında Ukrayna təmsilçisi Natalya Simonoviç birinci olub. Türk Hasibe Demir yarışı ikinci, ukraynalı digər atlet Valentina Paltavska üçüncü pillədə başa vurublar.
Bakı Marafonunda kişilərin mübarizəsində ilk üçlükdə ukraynalı Boqdan Simonoviç, Gürcüstan təmsilçisi Davidi Karataşvili və türk Hakan Çoban yer alıblar.
Sonra mükafatlandırma mərasimi təşkil olunub. “Bakı Marafonu 2023”ün mükafatlandırılması iki kateqoriyada olub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 manat, 2-ci yerin qalibi 2000 manat, 3-cü yerin qalibi isə 1000 manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub.
Finiş xəttini keçən fiziki imkanları məhdud ilk 6 iştirakçıya da mükafatlar verilib. Belə ki, mükafatçılar sırasında yer alan Mehman Ramazanzadə, Bəhlul Əliyev, Asif Qasımov ilə yanaşı, Amid Həsənquliyev, Kamal İbadov və Orxan Əliyev də hədiyyələr təqdim olunub.
Marafonun sponsorları və tərəfdaşları tərəfindən müxtəlif nominasiyalarda mükafatlar da təqdim olunub.
Yarışda 1-ci, 2-ci və 3-cü yerlərlə yanaşı, 5 yaş kateqoriyasında (30-39 yaş, 40-49 yaş, 50-59 yaş, 60-69 yaş, 70+ yaş) finiş xəttini keçən qadın və kişi iştirakçılara sertifikatlar təqdim edilib.
Qarabağ Dirçəliş Fondu və Fondun donoru “Stevedoring” şirkətinin dəstəyi ilə isə “Bakı Marafonu 2023”ün qalibləri adından işğaldan azad olunmuş ərazilərdə 1500 ağac əkilməklə “Marafon bağı”nın salınması nəzərdə tutulur. Qarabağ Dirçəliş Fondu qalib tələbələrimiz üçün “Marafon bağı”na və mədəniyyət paytaxtımız Şuşaya 1 günlük səfər proqramı hazırlayıb. Eləcə də qadın və kişi kateqoriyası üzrə finişə ilk çatan yaşlı, həmçinin korporativ iştirakçıların da Şuşaya 1 günlük səfərini təşkil edəcək.
Marafonun bütün iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunub. Finiş xəttini keçən ilk 2000 iştirakçı isə “Bakı Marafonu 2023”ün medalları ilə təltif edilib.
İştirakçılar, şəhər sakinləri və qonaqlar marafonun davam etdiyi müddətdə Dövlət Bayrağı Meydanında yaradılan əyləncə zonasında müxtəlif əyləncə proqramlarında, yarışlarda, interaktiv oyunlarda iştirak edib, konsert proqramlarını da izləyə biliblər.