20 iyun 2011

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində açıq ürək əməliyyatlarına başlanılıb

İyunun 20-dən Cəlilabad Müalicə Diaqnostika Mərkəzində (MDM) açıq ürək əməliyyatlarına başlanılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə keçirilən növbəti humanitar aksiya Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) yüksək ixtisaslı həkimlərdən ibarət kardiocərrahiyyə briqadası tərəfindən icra olunur. 


Cəlilabad bölgəsində ilk dəfə olaraq tətbiq olunan bu əməliyyatlar ümumilikdə 11 nəfəri əhatə edəcəkdir. Müraciət edənlərin 8 nəfəri anadangəlmə ürək qüsurundan əziyyət çəkən, uzun illər müalicə almamış xəstələrdir. Əməliyyat olunacaq şəxslər arasında anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar da vardır. Əməliyyatların icrasına MNX-in ürək-damar xəstəlikləri mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudov rəhbərlik edir. Cəlilabad MDM-də altı gün davam edəcək aksiya çərçivəsində telekörpü vasitəsilə “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi” mövzusunda canlı konfrans da keçiriləcəkdir.