0.jpg
13 oktyabr 2005

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya "Yaqut Xaç" ordeni təqdim edilib

Oktyabrın 13-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya "Yüzilliyin mesenatı" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut xaç" ordeninin təqdim edilməsi mərasimi olmuşdur.  


Mərasimi Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev açaraq dedi ki, bu gün respublikanın həyatında əlamətdar hadisədir - YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut xaç" ordeni təqdim olunur. Biz onu ürəkdən təbrik edirik.


Mehriban xanımın xeyriyyəçilik fəaliyyətindən bəhs edən natiq bildirdi ki, bu fəaliyyətin xüsusi bir cəhəti var və onu bir kəlmə ilə nəciblik adlandırmaq olar. Onun gördüyü bütün işlər, ölkəmizin müxtəlif guşələrində ayrı-ayrı adamlarla keçirdiyi görüşlər məhz bu sözlə ifadə edilir. Bütün bu işləri Mehriban xanım təbiətən ona xas olan çox böyük nəcibliklə görür. Düşünürəm ki, bu da təsadüfi deyildir, çünki onun dahi azərbaycanlı, unudulmaz Prezidentimiz Heydər Əlirza oğlu Əliyevin yanında necə böyük, məzmunlu, kamil, gözəlliyinə görə möcüzəli bir məktəb keçdiyini hamımız bilirik. Bu həyat məktəbi Mehriban xanıma indi də kömək edir.


Bu gün bütün dünyada xeyriyyəçiliklə çoxları məşğul olur. Lakin ziyalılarımızın, cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri Mehriban xanım Əliyevanın nəinki bu gün gördüyü işlərə, həm də bu işləri necə gördüyünə heyrandırlar. Bu mənəvi ülviliyin ikitərəfli əlaqəsi var. Zənnimcə, Mehriban xanımın özü də mənən ucalır və çalışır ki, diqqət və qayğının yönəldildiyi və bu fəaliyyətin, missiyanın ünvanlandığı insanlar da mənən zənginləşsin, ucalsınlar. Mehriban xanım Əliyevanın bu gün Azərbaycanda fəaliyyətini fərqləndirən böyük mənəvi qovuşma baş verir. Bu, təkcə Azərbaycanda deyil, onun olduğu hər bir yerdə də müşahidə olunur.


Mən XX əsrin görkəmli Amerika yazıçısı O`Henrinin gözəl sözlərini xatırlayıram. O demişdir: "Biz o insanlara minnətdar olmalıyıq ki, onlara kömək göstərməyimizə imkan verirlər". Məhz belə münasibət - təkcə nə isə verən tərəfin deyil, həm də onu qəbul edən tərəfin bu prosesin subyekti olduğu münasibət, belə qarşılıqlı mənəvi zənginləşmə Mehriban xanımın həmin istiqamətdə fəaliyyətini səciyyələndirir.


Daha sonra natiq Azərbaycan ziyalıları adından, yaradıcı ziyalıların nümayəndələri adından Mehriban xanım Əliyevaya şəxsi xoşbəxtlik, millətin rifahı naminə çoxşaxəli fəaliyyətində, xeyriyyəçilik işində böyük uğurlar arzuladı.


Sonra Milli Məclisin deputatı, Azərbaycanın Rus icmasının sədri MİXAİL ZABELİN çıxış edərək, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səmərəli xeyriyyəçilik fəaliyyətindən danışdı, bunun Azərbaycan xalqı tərəfindən dəstəkləndiyini bildirdi. O, Fondun Prezidentinin xeyriyyəçiliyini Rus icmasının da öz üzərində hiss etdiyinə dair misal çəkdi: icmanın nəzdində fəaliyyət göstərən uşaq düşərgəsinə Mehriban xanımın adından televizor, müxtəlif hədiyyələr verilmişdir. Bunları mərasimi əsil bayrama çevirən onun qızı Leyla təqdim etmişdir. Özü də bu, tamamilə gözlənilməz olmuşdur, çünki Fonda heç bir müraciət edilməmişdi. Bütün bunlar həssas və kövrək uşaq qəlbində öz əksini tapmışdır.


Mixail Zabelin uşaq evlərinin tikintisi və abadlaşdırılması, mədəniyyət sahəsində böyük hümanist missiyaya görə Fondun prezidentinə təşəkkür etdi. Bildirdi ki, Azərbaycanın Rus icması, digər ictimai təşkilatlar Heydər Əliyev Fondu prezidentinin məhz xeyriyyəçilik xidmətlərini yüksək qiymətləndirərək, Rusiyanın Bakıdakı səfirliyinin dəstəyi ilə Mehriban xanım Əliyevanı "Yaqut xaç" ordeninə təqdim etmişlər.


"Yüzilliyin mesenatı" Beynəlxalq Xeyriyyə Fondu idarə heyətinin üzvü, Rusiyanın əməkdar artisti ANGELİNA VOVK çıxışında vurğuladı ki, humanizm və başqasının dərdinə şərik olmaq bütün dövrlərdə insan cəmiyyətində üstünlük verilən əbədi dəyərlərdir. Zəmanəmizin böyük şəxsiyyəti Heydər Əliyev öz ölkəsinə, insanlara, xeyirxahlıq və haqq-ədalət amallarına xidmət etməklə belə təmənnasız, fədəkar həyat nümunəsi göstərmişdir. A.Vovk Heydər Əliyevin qızı Sevil Əliyevanın yenicə oxuduğu müsahibəsi barədə təəssüratını bölüşərək dedi ki, Sevil xanım bu gözəl insanın həyatının bir çox səhifələrini açmışdır.


Angelina Vovk Rusiya Prezidentinin İşlər İdarəsinin, Federasiya Şurasının, Dövlət Dumasının, Moskva hökumətinin və bir sıra başqa rəsmi orqanların dəstəyi ilə yaradılan "Yüzilliyin mesenatı" Beynəlxalq Xeyriyyə Fondunun məqsəd və vəzifələrindən danışaraq bildirdi ki, digər görkəmli müasirlərin adları ilə birlikdə, Mehriban xanım Əliyevanın adı da bütün zəmanələrin ən böyük xeyriyyəçiləri və mesenatlarının siyahısına qızıl hərflərlə yazılacaqdır. Xüsusi memorialın təməlinin qoyulması mərasimi oktyabrın 15-də Moskvada olacaqdır.


Angelina Vovk dedi ki, Mehriban xanım Əliyeva özünün təşkilatçılıq məharəti sayəsində bir sıra humanitar proqramlar - Azərbaycanı beynəlxalq aləmdə sülhə, yaradıcı inkişafa və digər ölkələrlə əməkdaşlığa çalışan dövlət kimi tanıdan proqramlar həyata keçirir. Onun misilsiz fəaliyyəti Azərbaycan xalqının çox zəngin mədəni ənənələrinin qorunub saxlanılmasına, əhalinin sosial cəhətdən ən zəif təbəqələrinin - qaçqınların, məcburi köçkünlərin, aztəminatlı ailələrdən olan uşaqların, yetimlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Onun başçılıq etdiyi və Azərbaycan xalqının əfsanəvi ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fond bir çox sosial əhəmiyyətli layihələr həyata keçirir. Onların arasında "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat uğrunda" proqramı xüsusi qeyd edilmişdir.


Bildirildi ki, Mehriban xanım Əliyeva "Yaqut xaç" ordeni ilə təltif olunanlar arasında yeganə qadındır.


Rus Soydaşlar Beynəlxalq Şurasının idarə heyətinin sədri, "Yüzilliyin mesenatı" Beynəlxalq Fondunun idarə heyətinin üzvü qraf PYOTR ŞEREMETYEV "Yaqut xaç" ordenini Heydər Əliyev Fondunun prezidentinə təqdim edərək bildirdi ki, Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək insani özünüdərkə, alicənablığa, niyyətlərin paklığına nümunədir. O, əmin olduğunu söylədi ki, Mehriban xanım Əliyevanın səyləri Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin möhkəmlənməsinə kömək edəcəkdir.


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva mərasimdə çıxış etdi.


FOTO