14704006875925665329_1000x669.jpg
5 avqust 2016

Mərakeş qəzetində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti barədə məqalə dərc olunub

Mərakeşin ərəbdilli “əl-İslah və ət-Tənmiyə” qəzetinin 5 avqust tarixli nömrəsində “Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun Azərbaycan cəmiyyətindəki rolu” sərlövhəli məqalə dərc olunub.

 

Məqalədə Mehriban Əliyevanın birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Milli Məclisin deputatı kimi çoxşaxəli fəaliyyəti barədə oxuculara ətraflı məlumat verilir. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, nəcib və tərəqqipərvər təşəbbüslərinə, eləcə də mədəniyyətlərarası dialoqa verdiyi töhfələrə görə Mehriban Əliyevanın 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə isə “Qızıl ürək” beynəlxalq mükafatına layiq görüldüyü diqqətə çatdırılır.

 

Müəllif Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və bir sıra İslam ölkələrində sosial, mədəni layihələrə böyük töhfə verdiyini qeyd edir. Məhz Fondun dəstəyi ilə Azərbaycanda müasir məktəblərin inşa edildiyini, həmin məktəblərin bütün avadanlıqlarla təchiz olunduğunu, ən son standartlara cavab verən yeni tədris metodunun tətbiq edildiyini bildirir.

 

Məqalədə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmış Mehriban Əliyevanın o dövrdən məhz bu nəcib missiyanı həyata keçirməyi qarşıya məqsəd qoyduğu, yüksək təşəbbüskarlığı, ictimai fəallığı və idarəçilik keyfiyyətləri ilə Azərbaycan milli mədəniyyətinin böhrandan qurtulmasına və inkişafına öz töhfəsini verdiyi qeyd edilir. Qədim ənənələrə malik Azərbaycan xalqının maddi və mənəvi mədəniyyət nümunələrinin, incəsənətinin, folklorunun, musiqisinin qorunması və dünya miqyasında təbliğ olunması məqsədilə görülən digər işlər diqqətə çatdırılır. Eyni zamanda, Heydər Əliyev Fondunun insanların problemləri ilə yaxından maraqlandığı, erməni təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş azərbaycanlılara xüsusi diqqət və qayğı göstərdiyi vurğulanır.

 

Müəllif Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə parlamentdə qəbul olunan amnistiya aktlarının cəmiyyətdə böyük rəğbətlə qarşılandığını qeyd edir. Geniş ictimai dəstək alan bu amnistiya aktlarının böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etdiyi bildirilir.

 

Məqalədə ötən dövrdə görülmüş işlər nəticəsində Fondun xətti ilə yüzlərlə orta məktəbin tikildiyi, bununla yanaşı, “Təhsilə dəstək” layihəsinin uğurla həyata keçirildiyi, bu layihə çərçivəsində Heydər Əliyev Fondunun Pakistanda zəlzələ zamanı dağılmış qızlar məktəbini yenidən inşa etdirdiyi, Bakıda Fransız Liseyinin fəaliyyətə başladığı, internat və uşaq bağçalarının lazımi avadanlıqlarla təchiz olunduğu diqqətə çatdırılır. Fondun səhiyyə sahəsində də misilsiz işlər gördüyü, paytaxtda və bölgələrdə tikilən çoxsaylı səhiyyə ocaqları ilə yanaşı, cəmiyyəti narahat edən bir çox problemlərin həllinə yardım etdiyi, Bakıda müasir Talassemiya Mərkəzini inşa etdirdiyi vurğulanır.

 

Müəllif, həmçinin Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin və sivilizasiyasının ölkə xaricində tanıdılması istiqamətindəki fəaliyyətinə toxunur, Fondun Azərbaycan musiqisi və muğamı ilə bağlı festivalların, sərgilərin, azərbaycanlı şair və ədiblərin bədii yaradıcılıq gecələrinin təşkili ilə bağlı yorulmaz səylər göstərdiyini qeyd edir.

 

Məqalədə Mehriban Əliyevanın 2009-cu ildə Heydər Əliyev Mükafatı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, 2010-cu ildə Fransanın “Şərəf Legionu”, 2015-ci ildə Pakistanın “Hilal-e-Pakistan” ordenləri ilə təltif olunduğu oxucuların diqqətinə çatdırılır.