10 noyabr 2007

Dünya Diabet gününün qeyd olunduğu ərəfədə Heydər Əliyev Fondunun binası mavi rənglə işiqlandırılacaqdır

Dünya Diabet gününün qeyd olunduğu ərəfədə - noyabrın 13, 14 və 15-də Heydər Əliyev Fondunun binası mavi rənglə işıqlandırılacaqdır.

 

BMT-nin rəmzi olan mavi rəng bütün millətləri birləşdirən səmanı əks etdirir və bu aksiyanın keçirildiyi 155 ölkədə şəhərlərin möhtəşəm binaları məhz bu rəngdə boyanacaqdır. Məqsəd ictimaiyyətin diqqətini dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayılan diabetə yönəltmək və onun qarşısını almaq səylərini birləşdirməkdir.

 

BMT-nin qətnaməsinə əsasən bu təşkilata üzv olan bütün ölkələrdə noyabrın 14-ü Dünya Diabet günü kimi qeyd edilir. Kampaniyadan məqsəd diabetin əhatə dairəsinin artması haqqında xəbərdarlıq etməkdir. İlkin məlumatlandırma kampaniyası kimi həmin gün xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı ictimaiyyətə geniş informasiyalar çatdırılır. Dünya Diabet günü milyonlarla insanı – şəkər xəstəsi olan və olmayan uşaqları və yetkin insanları, assosiasiya və təşkilatları, səhiyyə mütəxəssislərini, dövlət məmurlarını, mətbuatı bir yerə toplayır.

 

Cəmiyyətin sosial qayğılarına daim diqqət yetirən Heydər Əliyev Fondu gündəmdə olan səhiyyə problemlərinin həllinə də kömək etməyə çalışır.

 

2005-2007-ci illərdə Heydər Əliyev Fondunun həyata keçirildiyi “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi respublikada 15 yaşına qədər qeydə alınmış diabetli uşaqları əhatə etmişdir. Layihə çərçivəsində diabetli uşaqlar 2 ildən artıq müddətdə yüksək keyfiyyətli insulin və şpris-qələmlə təmin olunmuşdur.