“Muğam aləmi” Beynəlxalq festivalı çərçivəsində elmi simpozium

18-20 mart 2009


Martın 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Muğam aləmi” Beynəlxalq festivalı çərçivəsində beynəlxalq elmi simpoziumun açılışı olmuşdur.


Beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri MEHRİBAN ƏLİYEVA simpoziumu açaraq demişdir:


- Simpoziumun işində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən paytaxtımıza gələn bütün qonaqlarımıza “Azərbaycana xoş gəlmisiniz!” deyirəm. YUNESKO-nu təmsil edən, o cümlədən Beynəlxalq Musiqi Şurasının muğam bölməsində fəaliyyət göstərən qonaqlarımızı xüsusi salamlayıram. Muğamın təhlili, təbliği ilə məşğul olan məşhur alimləri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarını, muğam ustadlarımızı, bütün muğamsevərləri bu gün bu möhtəşəm tədbirdə görməyə çox şadam. Ümidvaram ki, muğamla bağlı möhtəşəm tədbirin keçirilməsi muğam sənətinin tarixində yeni bir mərhələnin başlanğıcına çevriləcəkdir. Eyni zamanda muğam sənətinə həsr olumuş və belə yüksək səviyyədə keçirilən beynəlxalq simpozium muğamın təkcə Azərbaycanın mədəniyyəti və elmi üçün yox, bütün dünya musiqi ictimaiyyəti üçün nə qədər dəyərli, nə qədər maraqlı olduğunun göstəricisidir. Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi qoruyub saxlamışdır.


Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm. Bildiyiniz kimi, 2003-cü ildə YUNESKO tərəfindən Azərbaycan muğamı bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına salınıbdır. Bizim üçün muğam sənətinin tarixinin hər bir səhifəsi, hər bir anı çox əzizdir, çox doğmadır. Əsrlər boyu formalaşan bu sənət XX əsrin əvvəllərində xalq şənliklərindən, toylardan, bayramlardan ayrılmayaraq, konsert salonlarında səslənməyə başladı. Həmin dövrdə mərhum Üzeyir Hacıbəyli ənənəvi muğamla müasir Azərbaycan musiqisi arasında körpü yaratdı. Məhz muğamın dərin bilicisi olan bu dahi bəstəkar Şərqin ilk operası olan və keçən il təntənəli şəkildə YUNESKO çərçivəsində 100 illiyi qeyd olunan “Leyli və Məcnun” operasını yaratdı. Bununla da, muğam opera teatrı səhnəsinə qədəm qoydu. Eyni zamanda, Üzeyir Hacıbəyli Azərbaycan xalq musiqisinin əsaslarına həsr olunmuş nadir bir əsər yazdı və bu da muğamın qarşısında yeni imkanlar açdı. Muğam prinsiplərinin əsasında musiqi bəstələmək qaydaları aşkar olundu və bununla da muğamın zəngin xəzinəsi Azərbaycan bəstəkarlarının ilham mənbəyinə çevrildi. Bütövlükdə, demək olar ki, muğam Azərbaycanın musiqi mədəniyyətinin bütün janrlarına təsir göstərdi. Bütün bunlar Fikrət Əmirovun, Niyazinin simfonik muğamlarına, Qara Qarayevin simfonizminə yol açdı və biz XX əsrdə bu uğurları müşahidə etdik.


Bu gün biz tarixə nəzər salsaq görərik ki, Azərbaycanın musiqi mədəniyyətində elə bir janr yoxdur ki, orada muğamın təsirini görməyək. Balet, opera, estrada janrı, mahnı janrı, caz - hamısında biz muğamla sintezi, muğamın təsirini hiss edə bilirik.


Eyni zamanda, muğam özlüyündə yalnız tarixdə yaşayan bir sənət deyil, muğam özü də inkişaf edir, zənginləşir. Son illər ölkəmizdə muğamın inkişafına, təbliğinə, genişlənməsinə, yayılmasına və qorunmasına dair bir çox işlər həyata keçirilibdir. Mən bu gün çox böyük fəxr hissi ilə demək istəyirəm ki, həm Heydər Əliyev Fondu, həm Azərbaycan Mədəniyyətinin Dostları Fondu bu sahədə öz layiqli töhfəsini vermişdir. Bildiyiniz kimi, son illər biz bir sıra irimiqyaslı layihələr həyata keçirmişik: muğam müsabiqələri, “Qarabağ xanəndələri” muzikal albomunun buraxılması, “Muğam” jurnalının nəşri və sair. Bu sırada “Muğam ensiklopediyası”nın nəşri xüsusi yer tutur. Mən inanıram ki, Azərbaycan muğamına həsr olunmuş bu nəşrin gələcək buraxılışı daha da zəngin, daha da maraqlı olacaqdır.


Əziz qonaqlar, mən bir daha sizin hamınızı bu bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm, inanıram ki, bizim simpozium çox maraqlı keçəcəkdir. Ümidvaram ki, simpozium, muğam festivalı təkcə musiqi bayramına yox, həm də mədəniyyətlərarası dialoq quran bir tədbirə çevriləcəkdir. Eyni zamanda, mən ümidvaram ki, paytaxtımıza gələn qonaqlar vaxt tapıb gözəl Bakımızla yaxından tanış olacaqlar, dünənin və bu günün, Qərbin və Şərqin sintezini seyr edəcəklər. Sizin hamınızı bir daha təbrik edirəm, hamımız üçün çox əziz olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, uzun ömür, uğurlar arzulayıram. Bununla da “Muğam aləmi” beynəlxalq elmi simpoziumunu açıq elan edirəm. Çox sağ olun.


Sonra simpozium iştirakçıları Heydər Əliyev Fondunun təqdim etdiyi “Muğam aləmi” filminə baxdılar.


Simpoziumun açılış mərasimində çıxış edən YUNESKO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq Bakıda belə bir beynəlxalq festivalın keçirilməsini yüksək qiymətləndirmişdir. O demişdir ki, Fransa muğamla ilk tanışlıqdan bu musiqiyə valeh olmuşdur. Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti Vim Van Zanten muğamın incəliklərindən, bu sahədə aparılan tədqiqatlardan danışmışdır. Qonaq demişdir ki, musiqi festivalının və simpoziumun keçirilməsinin səbəbi odur ki, Azərbaycanın ən böyük dəyərlərindən biri olan muğam bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına düşmüşdür. İnanırıq ki, Azərbaycan musiqisi, mədəniyyəti bundan sonra digər xalqlar tərəfindən daha da yaxından öyrənilərək seviləcəkdir.


AMEA-nın prezidenti, akademik Mahmud Kərimov vurğulamışdır ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğamın təbliği sahəsində başladığı işlər bəşəri mədəniyyət proqramına çevrilmişdir.


Açılış mərasimindən sonra Mehriban xanım Əliyeva muğam festivalı çərçivəsində muzeydə nümayiş etdirilən Azərbaycan musiqi alətlərindən ibarət sərgiyə baxmışdır.


Sonra simpoziumun geniş iclası olmuşdur. İclasda Azərbaycan, Almaniya, Çin, Özbəkistan, Kanada və Tacikistandan olan tanınmış alimlərin muğamla bağlı müxtəlif mövzularda məruzələri dinlənilmişdir.


 

001.JPG003.JPG04.JPG007.JPG