“Orta əsr əlyazmalarında tibb və əczaçılıq” mövzusunda I Beynəlxalq konfrans

12-14 iyun 2006


İyunun 12-də Bakıda Heydər Əliyev Fondunda bu qurumun və Vaşinqton Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda I Beynəlxalq konfrans işə başlamışdır.


Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsini andılar, məzarı önünə əklil qoydular.


Beynəlxalq konfransın iştirakçıları məşhur oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə də çiçəklər düzdülər.


Sonra konfrans iştirakçıları Heydər Əliyev Fonduna gəldilər.


Burada qonaqlara ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu və zəngin siyasi, dövlətçilik fəaliyyəti ilə bağlı bütün məlumatları qayğıkeşliklə toplayaraq etibarlı surətdə qoruyub saxlayan Fondun məqsəd və məramı barədə ətraflı məlumat verildi. Bu işdə Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulandı.


Müxtəlif ölkələri təmsil edən qonaqlar dahi şəxsiyyət Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə baxdılar.


Qonaqlar əsas məqsəd və vəzifəsi Heydər Əliyev tərəfindən yaradılmış azərbaycançılıq ideologiyasını təbliğ etmək və gələcək nəsillərə çatdırmaq, ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələrə dəstək verməkdən ibarət olan Fondun fəaliyyətini yüksək dəyərləndirdilər.


Heydər Əliyev Fondunda təşkil edilmiş qədim əlyazmalar və kitablar sərgisi də qonaqlarda böyük maraq doğurdu.


Məlumat verildi ki, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan 11 minə qədər əlyazmanın 364-ü tibbə aiddir. Həmin əlyazmalardan xüsusi əhəmiyyət daşıyan 3-ü YUNESKO-nun Dünya Yaddaşı Proqramının Beynəlxalq registrinə daxil edilmişdir. Bunlar XI əsrdə yaşamış Əbülqasim Zəhrəvinin "Əl-Məqalət əs-Səlasun" ("Cərrahiyyə və alətlər haqqında") çoxcildlik əsərinin 13-cü hissəsi, Əbu Əli ibn Sinanın XII əsrdə Bağdadda üzü köçürülən "Əl-Qanun fit Tibb" ("Tibb qanunları") kitabının 2-ci cildi və Rüstəm Cürcaninin XII əsrdə yazdığı, XVII əsrdə üzü köçürülmüş "Zahireyi-Nizamşah" ("Nizamşahın ehtiyatları") əlyazmasıdır. Ümumbəşəri sərvət olan və dövrün məşhur xəttatları tərəfindən üzü köçürülmüş bu mədəni irs nümunələri Əlyazmalar İnstitutunda qorunub saxlanılır.


"Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda I Beynəlxalq konfransın açılış mərasimində ABŞ, Almaniya, Böyük Britaniya, Belçika, Bəhreyn, Estoniya, Gürcüstan, İran, İsrail, Misir, Rusiya, Suriya, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələrdən 50-dən çox nümayəndə, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri, xarici ölkələrin səfirləri iştirak edirlər.


Konfransı giriş nitqi ilə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva açdı.


Sonra qonaqlar Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Yaşayan tarix" filmini seyr etdilər.


Film Azərbaycan tarixi, mədəniyyəti, abidələri, eləcə də bunların qorunub saxlanmasına Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi ardıcıl diqqət və qayğı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsinə verdiyi töhfələr, qurumun beynəlxalq əlaqələri barədə geniş təsəvvür yaradır. Xüsusilə ölkəmizdə xalq təbabətinin qədim tarixi, ənənələri, Azıx mağarasından tapılan əşyalar, Qəbələ, Təbriz, Şamaxıda VII-XIV əsrlərdə mövcud olan əczaxanalar, tibb məktəbləri, alim-həkimlər, Azərbaycanın flora və faunası, dərman bitkiləri, onlardan istifadə qaydaları, mineral ehtiyatları barədə verilən elmi-tarixi məlumatlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı.


MEHRİBAN XANIM ƏLİYEVA: Hörmətli qonaqlar! Mən bayaq çıxışımda qeyd etdim ki, Heydər Əliyev Fondu son illər YUNESKO ilə çox sıx əməkdaşlıq edir. Mən çox şadam ki, YUNESKO-nun baş direktoru Koişiro Matsuura konfrans iştirakçılarına təbrik məktubu ünvanlayıbdır. Məktubu oxumaq üçün söz YUNESKO-nu konfransda təmsil edən Əbdüləziz Abidə verilir.


ƏBDÜLƏZİZ ABİD: Çox sağ olun. Bugünkü bu mühüm konfransda sizin qarşınızda çıxış etmək mənim üçün böyük şərəfdir. Mən YUNESKO-nun baş direktorunun məktubunu oxumaq istəyirəm. O, bu beynəlxalq konfransa gələ bilmədiyi üçün təəssüfləndiyini bildirir və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı kimi Mehriban Əliyevanın gördüyü işləri yüksək qiymətləndirir. Mən xüsusi məmnunluq hissi ilə ona YUNESKO-nun adından minnətdarlığımı bildirmək istəyirəm və indi burada söylədiyi xoş sözlərə görə təşəkkür edirəm. İcazənizlə, məktubu oxuyuram:


"Tibb elminə və əczaçılığa həsr olunmuş bu birinci beynəlxalq konfrans yazılı irsin qorunmasının vacibliyini diqqətə çatdırmaq üçün mühüm fürsətdir. Bu bizə qədim ənənəvi üsullarla, həm də müasir informasiya texnologiyaları vasitəsilə əlyazmaları qoruyub saxlamaq üçün imkan verir. Bu günlər biz Azərbaycanın zəngin əlyazmalar irsinin ən mühüm hissəsinin Dünya Yaddaşı Proqramına daxil olunmasını qeyd edirik. Biz bilirik ki. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalar Dünya Yaddaşı Proqramının mühüm məqsədinə xidmət edən vacib sənədlərdir. Bu sənədlərin dünya yaddaşı siyahısına salınması barədə qərar beynəlxalq məşvərət komitəsinin 2005-ci il iyunun 13-15-də Çində keçirilmiş 7-ci iclasında qəbul edilmişdir. Həmin iclasın iştirakçıları Cürcani, İbn Sina və Əbu əl-Qasım əl-Zəhrəviyə məxsus bu nadir yazıların çox vacib və qiymətli olduğunu vurğulamış və bildirmişlər ki, bu əlyazmaların siyahıya daxil edilməsi dünyada tibb elminin inkişafına Azərbaycanın töhfəsini bütün dünyaya nümayiş etdirəcəkdir.


Sizin zəngin tarixiniz nəticəsində formalaşmış bu yazıların siyahıya daxil edilməsi böyük işin başlanğıcıdır.


Əfsuslar olsun ki, bir sıra ölkələr belə nadir əlyazmaları lazımi səviyyədə saxlaya bilmir. Bu, müxtəlif səbəblərdən, məsələn, təsadüfən və ya bilərəkdən kitabxanaların, arxivlərin dağılmasından və ya tarixi irsə biganə münasibətdən irəli gəlir. Buna görə də YUNESKO bəşəriyyət adından çıxış edərək, bu cür mühüm əlyazmaların qorunub saxlanması üçün çalışır.


Qarşımızda çox böyük vəzifələr durur. YUNESKO və digər qeyri-hökumət təşkilatları, beynəlxalq, milli və özəl qurumlar bütün qüvvələrini bu problemin aradan qaldırılmasına sərf etməlidirlər.


YUNESKO hazırda dünya irsinin beynəlxalq səviyyədə qorunmasının təşviq olunmasına xüsusi çalışır. Dünya mədəni abidələrinin qorunması YUNESKO-nun daim diqqət mərkəzindədir. Əlyazmaların vəziyyəti bir çox ölkələrdə qənaətbəxş deyildir. Odur ki, bu yazıların dünya yaddaşı siyahısına daxil edilməsi onların qorunmasına xüsusi diqqət yetirilməsindən xəbər verir.


YUNESKO audio-vizual və rəqəmsal arxivlər sahəsində mühüm proqram həyata keçirir. Fikrimizcə, müasir üsullarla saxlanılan sənədlər təhlükələrlə üzləşir. Biz bütün alimləri və siyasətçiləri bu məsələdən xəbərdar olmağa çağırırıq. Dünya Yaddaşı Proqramı inkişaf edən ölkələrdə əlyazmaların qorunub saxlanmasını yüksək qiymətləndirir. Bu proqram təhsil və tədqiqatlar sahəsinə diqqəti yönəltməklə mühüm əlyazmaların qorunması üçün yeni imkanlar açır. Proqramın maliyyələşdirilməsinə gəldikdə, bildirmək istərdim ki, YUNESKO-nun bu proqramı tam maliyyələşdirməyə imkanı yoxdur. Buna görə də konfrans iştirakçılarının diqqətini bu məsələlərə cəlb etmək istəyirəm, siz bu məsələlərə xüsusi önəm yetirməlisiniz".


Sonra Vaşinqton Elmlər Akademiyasının vitse-prezidenti, Ümumdünya Tibb Tarixçiləri Cəmiyyətinin baş katibi Alen Tuveyd çıxış etdi. O dedi:


- Xanım sədr, çox sağ olun. Hörmətli həmkarlar, xanımlar və cənablar!


Sizi Ümumdünya Tibb Tarixçiləri Cəmiyyəti adından salamlayıram.


Biz Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovla əvvəllər də əməkdaşlıq etmişik.


Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu konfransda iştirakı onun bu tədbirə böyük əhəmiyyət verdiyini göstərir. Burada iştirak etməsinə və xüsusi qayğısına görə ona dərin minnətdarlığımı bildirirəm.


Mən burada YUNESKO-nun bu işə verdiyi əhəmiyyət barədə deyilən sözləri dinlədim və hesab edirəm ki, Azərbaycanın 3 nadir əlyazmasının Dünya Yaddaşı Proqramının siyahısına daxil edilməsi əlamətdar hadisədir. Biz yazılı tarixi irsin qorunub saxlanması və təşviq olunmasına diqqətlə yanaşmalıyıq. Zənnimcə, Azərbaycanda bu cür tədbirin keçirilməsi ölkənin rəhbərliyinin bu istiqamətə, bu sahəyə xüsusi önəm verdiyini göstərir. Konfrans bu sənədlərin YUNESKO ilə əməkdaşlıq çərçivəsində təbliğinə və onlara marağın artmasına xidmət edəcəkdir. Bu, sadəcə tarixi və ya arxeoloji iş deyildir. Biz hamımız bu sahədə səylərimizi birləşdirməliyik və bütün cəmiyyət bu əlyazmalar barədə məlumatlandırılmalı və onların qorunub saxlanmasında iştirak etməlidir. Bu sahədə müasir texnologiyalardan da istifadə edilməlidir. Bu tarixi sənədlər ölü bir sənəd kimi qəbul edilməməlidir. Tarixçilər bu əlyazmaları müəyyən kataloqlara daxil edərək, onlar barədə məlumatları cəmiyyətə çatdırırlar. Lakin bu, işin bir hissəsidir. Digər sahələrdə çalışan alimlər də bu işə öz töhfələrini verməlidirlər.


Zənnimcə, bu konfrans çox səmərəli olacaqdır. Artıq indidən konfrans iştirakçılarının bu tədbirə maraqla yanaşdıqlarını hiss edirəm. Buna görə də YUNESKO-nun nümayəndəsinə və doktor Mehriban xanım Əliyevaya bildirmək istəyirəm ki, mən üzvü olduğum qurumu burada təmsil etməkdən qürur duyuram və eyni zamanda, sizə əməkdaşlıq təklif etmək istəyirəm. Sizin birgə tədqiqat proqramlarınızda iştirak etmək istəyirəm. Bu, qədim yazıların qorunub saxlanmasına yönəldilmiş çox vacib işdir və bu baxımdan biz bütün vasitələrdən - müasir texnologiyalardan, internetdən istifadə etməklə bunu yaymağa, öz təhlillərimizi aparmağa, tövsiyələrimizi verməyə və daha çox insanların, elmi işçilərin bu işə cəlb olunmasına çalışmalıyıq. Hesab edirəm ki, Heydər Əliyev Fondu ilə belə əməkdaşlıq tibb sahəsində tədqiqat proqramına nümunə ola bilər. Zənnimcə, digər ölkələrdə fəaliyyət göstərən qurumlar da bizimlə əməkdaşlıq edə bilər. Əgər belə bir işbirliyi alınarsa, əsrlərdən qalmış nadir yazıların bəşəriyyətin inkişafında vacib rol oynamasına nail ola biləcəyik.


Bu konfrans gələcək əməkdaşlıq proqramlarının əsasını qoyacaqdır. Mən bütün konfrans iştirakçılarına, xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasına, cənab Fərid Ələkbərova, YUNESKO-ya, bütün iştirakçılara öz minnətdarlığımı bildirmək istəyirəm.


Mən böyük iftixar hissi ilə xanım Mehriban Əliyevaya Ümumdünya Tibb Tarixçiləri Cəmiyyətinin diplomunu təqdim edirəm.


Fondun yardımı və köməyi olmasaydı, bu konfrans da mümkün olmazdı. Mən ümidvaram ki, konfrans və Heydər Əliyev Fondu bu istiqamətdə işləri davam etdirəcəkdir.


Bir daha sizin hamınıza minnətdarlığımı bildirir və uğurlar arzulayıram.


Sonra Ümumdünya Tibb Tarixçiləri Cəmiyyətinin prezidenti Afanasios Diamandopoulos çıxış edərək dedi:


- Hörmətli xanım Mehriban Əliyeva, konfrans iştirakçıları, hamınızı səmimi qəlbdən salamlamaq istəyirəm və məni buraya dəvət etdiyiniz üçün minnətdarlığımı bildirirəm.


Mənim buraya gəlməyimin iki əsas səbəbi var idi. Burada böyük bir cəmiyyəti təmsil etmək və ölkənizdə səfərdə olmaq mənim üçün şərəfdir. Əminəm ki, siz hamınız bu konfransdan bəhrələnəcəksiniz.


İkinci səbəb təsisatla bağlıdır. Ümumdünya Tibb Tarixçiləri Cəmiyyətinin prezidenti kimi bu proqram məni çox ruhlandırdı. Çünki siz burada tibbə dair əlyazmaları araşdırırsınızsa, tibb tarixinin bununla birbaşa əlaqəsi vardır və mən bu konfransın iştirakçıları qarşısında çıxış etmək imkanı yaranmasından çox şad oldum.


Bizim cəmiyyət də bu sahədə bir çox işlər görmüşdür. Biz Qərb ilə Şərq arasındakı sərhədləri keçərək, dünyanın müxtəlif ölkələrinin tarixi sənədləri ilə tanış olmaq imkanı əldə etmişik.


Dünya əhalisinin 70 faizi Asiyada yaşayır. Onların əksəriyyəti səfalət və yoxsulluq içindədir. Bu səbəbdən də onlar öz yazılı tarixi abidələrinin qorunub saxlanmasını təmin etmək imkanlarına malik deyillər. Buna görə də ətrafa baxıb, kimin bizə nümunə ola biləcəyini axtarmalıyıq. Azərbaycanı misal gətirmək olar. Çünki Azərbaycan hələ qədimdən alimləri, tibbi araşdırmaları ilə tanınmışdır. Bu baxımdan tədbirin xüsusi əhəmiyyətini qeyd etmək istəyirəm.


Mən bu regionun bir çox ölkələrində olmuşam, bir çox toplantılarda iştirak etmişəm. Lakin Azərbaycanın gördüyü iş məni çox fərəhləndirir və sizin ölkənizdə olmağıma çox şadam.


Diqqətinizə görə çox sağ olun.


Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimova söz verildi. O dedi:


- Hörmətli Mehriban xanım!


Hörmətli konfrans iştirakçıları, xanımlar və cənablar!


Heydər Əliyev Fondu ilə Vaşinqton Elmlər Akademiyası tərəfindən təşkil edilmiş bu beynəlxalq konfransın iştirakçılarını Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyəti adından ürəkdən salamlayır, konfransın səmərəli və uğurla keçməsini arzu edirəm.


Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun səmərəli səyləri nəticəsində Bakıda ilk dəfə olaraq, qədim tibb və əczaçılıq üzrə beynəlxalq konfrans keçirilir. Bu konfransa dünyanın 20-dən çox ölkəsindən nümayəndələr, tanınmış alimlər gəlmişdir.


Burada bir çox beynəlxalq və milli təşkilatların nümayəndələri iştirak edirlər. Məsələn: YUNESKO, Ümümdünya Tibb Tarixçiləri Cəmiyyəti, İngiltərə Tibb Tarixi Cəmiyyəti, Türkiyə Tibb Tarixi Cəmiyyəti, Azərbaycan Tibb Tarixçiləri Birliyi, Vaşinqton Elmlər Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Əczaçılıq Tarixi Cəmiyyəti, Beynəlxalq İslam Təbabəti Cəmiyyəti və bir çox başqa qurumlar təmsil olunur.


Konfrans çox mühüm bir hadisəyə həsr edilmişdir. Keçən il Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda mühafizə olunan orta əsr tibb əlyazmaları kolleksiyası YUNESKO-nun Dünya Yaddaşı Proqramına daxil edilmişdir.


Bu əlamətdar hadisəni qeyd etmək üçün Heydər Əliyev Fondu və Vaşinqton Elmlər Akademiyası Bakıda "Orta əsr əlyazmalarında ənənəvi tibb və əczaçılıq" adlı beynəlxalq konfrans təşkil etdilər.


Azərbaycan xalqının qədim və zəngin mədəniyyəti var. Bizə gəlib çatmış qədim əlyazmalar bunu tam aydınlığı ilə sübut edir. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda 11 mindən çox qədim əlyazma qorunur. Onlar müxtəlif zamanlarda, müxtəlif dillərdə, müxtəlif müəlliflər tərəfindən yazılmışdır. Bu əlyazmaların arasında şeir və nəsr əsərləri, eləcə də müxtəlif mövzularda kitablar vardır. O cümlədən tibb və əczaçılığa aid 360-dan çox əlyazma qorunur.


YUNESKO bu əlyazmalardan üçünü seçib dünya yaddaşı siyahısına daxil etdi. Bunlar Əbu Əli İbn Sinanın, Əbülqasim Zəhrəvinin və Rüstəm Cürcaninin əsərlərinin əlyazmalarıdır.


Bu üç əlyazma, həqiqətən də, ümumdünya əhəmiyyəti kəsb edir. Məsələn, İbn Sinanın Azərbaycanda qorunan əsəri onun dünyada mövcud olan ən qədim əlyazmalarından biridir. Zəhrəvinin əlyazmasında yüzlərcə cərrahiyyə aləti təsvir edilmişdir. Rüstəm Cürcaninin əlyazması isə, ümumiyyətlə, Azərbaycandan başqa heç yerdə yoxdur.


Ümid edirəm ki, bu üç əlyazmanın dünya yaddaşı siyahısına salınması Azərbaycan əlyazmalarının dünyada tanınması istiqamətində atılmış ilk addımdır və gələcəkdə başqa qiymətli əlyazmalarımız da bu siyahıda yer alacaqdır.


Qədim Azərbaycan təbabəti və əczaçılığının çoxəsrlik irsini araşdırmaq və müasir tibb elminin istifadəsinə qaytarmaq alimlərimizin vacib vəzifələrindən biridir. Hazırkı konfrans bu istiqamətdə atılmış mühüm addımlardan biridir. İndi öz tariximizə yeni gözlə baxdığımız, elmi və mədəni dəyərlərimizin qaynaqlarını daha obyektiv meyarlarla araşdırmağa başladığımız bir vaxtda bugünkü konfrans sanki bizim zəngin keçmişimizə açılan pəncərədir.


Mən bir daha konfrans iştirakçılarını salamlayır, konfransın faydalı, səmərəli keçməsini arzulayıram.


Sonda konfransı təşkil edən Heydər Əliyev Fonduna və Vaşinqton Elmlər Akademiyasına dərin təşəkkürümü bildirirəm.


Sonra YUNESKO-nun İnformasiya cəmiyyəti bölməsinin direktoru Əbdüləziz Abid çıxış edərək dedi:


- Çox sağ olun, Mehriban xanım!


Bu konfrans sizin bu sahəyə verdiyiniz əhəmiyyətin bariz nümunəsidir. Mən sizə məlumat vermək istəyirəm ki, Dünya Yaddaşı Proqramı YUNESKO-nun dünyanın bütün xalqlarının irsinin qorunması sahəsində həyata keçirdiyi dünyamiqyaslı bir proqramdır. Bizim işimiz bununla bitmir. Bu proqramın uğurlu olması üçün işlərimizi davam etdirməliyik. Bu proqram 1992-ci ildən gerçəkləşdirilir. Təbii fəlakətlər, müharibələr və münaqişələr nəticəsində bir çox mühüm tarixi sənədlər məhv olmuşdur. Lakin bu proqramın həyata keçirilməsi sayəsində qiymətli əlyazmalar rəqəmsal formata keçirilmişdir.


Proqramın iki əsas məqsədi var. Birincisi, ən müasir texnologiyalardan istifadə etməklə bu yazıları qorumaq və onları gələcək nəsillərə ötürmək.


İkinci məqsədimiz müasir texnologiyalar vasitəsilə bu sənədə çıxışı təmin etməkdir. Proqramın digər elementi YUNESKO-nun üzvü olan ölkələr arasında bu yazılı tarixi abidələr haqqında təşviqat kampaniyası aparmaq və insanları daha çox məlumatlandırmaqdır.


Proqramımız çox genişdir və biz tərəfdaşlarımızı, alimləri, jurnalistləri, tələbələri bu işə səfərbər edirik.


YUNESKO-nun Beynəlxalq məşvərət komitəsi artıq yeddi görüş keçirmişdir. Bu yaxınlarda keçirilmiş 7-ci iclasda bildirilmişdir ki, çox ölkələrdəki tarixi sənədlər müasir texnologiyalar vasitəsilə yazılmalı və ümumdünya mübadilə proqramına daxil edilməlidir.


Beynəlxalq məşvərət komitəsi 69 ölkədə öz ofisini açmışdır. Əminəm kİ, Azərbaycanda da komitənin ofisi açılacaqdır. Komitənin əsas məqsədi YUNESKO-nun üzvü olan ölkələrə mədəni və tarixi irsin qorunması sahəsində öz tövsiyələrini verməkdir. Biz bu yaxınlarda Asiya və Sakit okean regionu, habelə Latın Amerikası və Karib dənizi ölkələrində regional layihələrin reallaşdırılması üçün bir sıra tədbirlər keçirmişik. Onlardan öz tarixi sənədlərini beynəlxalq siyahıya təqdim etmələri xahiş olunmuşdur. Bu siyahı üç hissədən ibarətdir. Sənədlərin siyahıya salınması onların təşviq olunmasına xidmət edir. Sənədlər məşvərət komitəsinin iclasının qərarı əsasında beynəlxalq siyahıya salınır. Bu, YUNESKO-nun mədəni irsin qorunması ilə bağlı digər proqramlarına bənzəyir. Hazırda beynəlxalq siyahıya 77 ölkədən tibb elminə və əczaçılığa aid 120 çox mühüm əlyazma daxil edilmişdir.


Azərbaycan Milli Elmlər Akademiyası da bu sahəyə öz töhfəsini vermişdir. Hazırda Azərbaycanda ən mühüm əlyazmalardan ibarət milli registrin yaradılmasına başlanmışdır. Biz bunu çox yüksək dəyərləndiririk. Bu siyahıların tərtib olunması tarixi sənədlərin qorunub saxlanmasına böyük əhəmiyyət verildiyini göstərir.


Dünya Yaddaşı Proqramına təqdim olunan sənədlər müxtəlif meyarlar baxımından öyrənilir və sonra məşvərət komitəsi tərəfindən nəzərdən keçirilir. Siyahı olduqca mühüm siyahıdır və hər hansı sənədin oraya daxil edilməsi o qədər də asan prosedura deyildir. Bu proqram bir sıra pilot layihələrlə başlanmışdır və bunlardan əsas məqsəd sənədlərin saxlanmasının müasir və ənənəvi metodlarının öyrənilməsi, onların veb-saytlara çıxarılması, dərc olunması yollarının araşdırılmasıdır. Bir çox sahələrdə proqramlarımız var. Məsələn, 6-7 il bundan əvvəl Praqada əlyazmalar rəqəmsal formata salınmışdır. Hazırda orada 30 min tarixi əlyazması rəqəmsal formada saxlanılır.


Digər layihəni Yəməndə həyata keçirmişik. Bu layihə çərçivəsində müqəddəs Quranın əlyazmasının müasir üsullarla qorunub saxlanmasına yönəldilmişdi. İstanbul Universitetində də mühüm layihə həyata keçirmişik. Burada da əlyazmaların saxlanması üsulları müzakirə edilmişdir.


Qahirədə İslam dininə aid sənədlərin qorunub saxlanması ilə əlaqədar layihə həyata keçirmişik. Bu sənədlər kompakt disklərə köçürülmüş və çox yüksək keyfiyyətlə arxivləşdirilmişdir. Bu sənədlərdə islam alimlərinin tibb sahəsinə töhfələri əksini tapmışdır.


Hindistanın Mədrəs şəhərindəki institutda da bir layihə həyata keçirmişik. Oradakı sənədlərdə otlarla ənənəvi müalicə üsulları göstərilir. Özbəkistanda Əl-Biruni institutunda saxlanılan XIV-XVII əsrlərə aid əlyazmalarla bağlı layihə həyata keçirilmişdir.


Sonda demək istəyirəm ki, bir çox proqramlar var, biz onlar üzərində daim işləyirik. Bu sahədə həyata keçirilən layihələri əvvəlcə texniki komitəyə təqdim etmək lazımdır.


YUNESKO-nun üzvü olan ölkələrdən xahiş edirik ki, öz fikirlərini təqdim etsinlər. YUNESKO beynəlxalq siyahının tərtib edilməsi üçün xüsusi vəsait ayırmışdır.


Sonda sizin hamınızı YUNESKO-ya yardım etməyə çağırıram. Çünki YUNESKO ümumbəşəri, tarixi əlyazmaların qorunmasına çalışır və bu sahədə mübarizə aparır.


Diqqətinizə görə çox sağ olun.


MEHRİBAN ƏLİYEVA: Çox sağ olun, cənab Abid!


- Əziz dostlar! Bununla da bizim konfransın açılış mərasimi başa çatır. Konfrans iyunun 13-14-də öz işini davam etdirəcəkdir.


Mən qeyd etmək istəyirəm ki, konfrans təkcə Bakı şəhərində keçirilmir, iyunun 14-də Yevlax şəhərində də davam edəcəkdir. Hesab edirəm ki, bu çox yaxşı haldır, çünki qonaqlarımız regionlarla, bölgələrlə də tanış olacaqlar.


Bir daha bütün qonaqlarımızı salamlayır, sizə cansağlığı arzulayıram, konfransa uğurlar arzulayıram. Sonda bir də qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondu bütün beynəlxalq təşkilatlarla əməkdaşlığa açıq və hazır olan bir təşkilatdır.


Çox sağ olun.


Konfrans iştirakçıları Fondun foyesində Heydər Əliyev Fondunun layihələri çərçivəsində çapdan buraxılmış ayrı-ayrı nəşrlərlə, Azərbaycan mədəniyyəti və tarixinə həsr edilmiş audio-video albomlar, dərs vəsaitləri, məktəb ləvazimatları, musiqi disklər ilə də tanış oldular.


Qonaqlar həmçinin Bakının görməli yerləri, tarixi, memarlıq, mədəniyyət abidələri ilə tanış olmaq, klassik muğam musiqisini dinləmək imkanı da əldə etdilər.



01.jpg02.jpg03.jpg