Şəki şəhərində qarışıq tipli uşaq evi

  • Layihə
  • Foto

Şəki şəhərində yerləşən qarışıq tipli uşaq evi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində inşa olunub. 2018-ci il oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaq evinin açılışında iştirak ediblər.

 

Şəki şəhər qarışıq tipli uşaq evinin Gənclər küçəsində yerləşən əvvəlki binası 1897-ci ildə şəkili tacir Hacı Zülqədər Zülfüqarov tərəfindən şəxsi yaşayış evi kimi inşa olunub və 1930-cu ilədək bu məqsədlə istifadə edilib. 1930-cu ildən həmin binada Şəki şəhər qarışıq tipli uşaq evi fəaliyyət göstərib.

 

Şəki şəhərində uşaq evinin binası üçün ayrılan bir hektar ərazidə ümumi sahəsi 2 min kvadratmetrdən çox olan ikimərtəbəli yeni bina inşa edilib.

 

Uşaq evi bütün yaş qrupları üzrə 80 yerlikdir. Burada hazırda valideyn himayəsindən məhrum olan 3 yaşdan 20 yaşadək 60 nəfər məskunlaşıb. Binada oğlanlar və qızlar üçün ayrı bölmələrdə yerləşən, zəruri inventar və avadanlıqla təchiz edilən 2, 3 və 4 nəfərlik yataq otaqları, dayə otaqları, kitabxana, kompüter otaqları, musiqi otağı, emalatxana, idman zalı, həkim və tibb bacısı otaqları, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət otağı, mətbəx, yeməkxana və çamaşırxana var. Burada, eyni zamanda, məktəbəqədər yaş qrupları üçün 20 yerlik uşaq bağçası da fəaliyyət göstərir.

 

Uşaq evinin ərazisində açıq havada min kvadratmetr sahəsi olan idman meydançası qurulub. O cümlədən uşaqların açıq havada istirahətini təmin etmək məqsədilə kölgəliklər və kiçik yaşlı uşaqlar üçün oyun meydançası yaradılıb. Ərazidə yaşıllıq zonası salınıb, müxtəlif meyvə ağacları və digər ağaclar əkilib. Binanın yerləşdiyi ətraf ərazi abadlaşdırılaraq asfalt və daş döşənib, işıqlandırma sistemi quraşdırılıb. Binada inzibati-təsərrüfat tələblərini ödəyən zirzəmi inşa olunub, daimi su, istilik və soyutma sistemi, generator, stabilizator, eləcə də yanğınxəbərverici və videomüşahidə sistemləri qurulub.

 

Heydər Əliyev Fondu tərəfindən uşaq evinə müvafiq avadanlıq və avtobus hədiyyə edilib.


003.JPG
004.JPG
005.JPG
006.JPG
007.JPG
008.JPG