Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılmışdır.
YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin sentyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu hadisə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləyir.
Bundan başqa, sessiyada Novruz bayramı da YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Novruz bayramının bir sıra dövlətlərdə qeyd edildiyi nəzərə alınaraq beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi YUNESKO-ya təqdim olunmuşdur.
Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycanın qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynamışdır. Məhz Mehriban xanım Əliyevanın diqqəti və dəstəyi nəticəsində 2003-cü ildə Azərbaycanın muğam sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. İndi bu siyahıda qədim aşıq sənətimiz və Novruz bayramımız da yer almışdır.