003.jpg
10 iyun 2006

"Televiziya muğam müsabiqəsi-2005"-ə yekun vuruldu

İyunun 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyovun 120 illiyinə həsr edilmiş və "Space" televiziyasının keçirdiyi "Televiziya muğam müsabiqəsi-2005"in finalçılarının yekun konserti olmuşdur.


Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müsabiqə iştirakçılarına müraciətini Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov oxudu. Müraciətdə deyilir:

 

"Hörmətli Muğam müsabiqəsinin iştirakçıları!

 

Azərbaycan milli musiqisinin incilərindən olan muğamın qorunması, inkişaf etdirilməsi və təbliği, muğamın gözəlliyinin, onun dərin fəlsəfəsinin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Təsadüfi deyil ki, ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun çoxsaylı məqsədlərindən biri də milli mənəvi dəyərlərimizin, o cümlədən muğamlarımızın qorunması və təbliği ilə bağlıdır.

 

Son iki ildə bu sahədə uğurlu addımlar atılmış, muğamın təbliği ilə bağlı görüşlər, muğam axşamları keçirilmiş, "Muğam-İrs" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomu nəfis şəkildə buraxılmışdır. Ötən ilin avqust ayında isə YUNESKO-nun dəstəyi ilə dənizkənarı Milli parkda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulmuşdur.

 

Fondun təşəbbüsü ilə muğam sənətinin tanınmış ifaçılarının iştirakı ilə ardıcıl olaraq muğam axşamlarının təşkili bütün sənətsevərlər, milli musiqi həvəskarları tərəfindən dərin razılıqla qarşılanır, bu ənənə yüksək dəyərləndirilir. Ürəkaçan haldır ki, gənc xanəndələrimiz də bu işə öz töhfəsini verirlər.

 

Bir neçə ay davam edən "Muğam müsabiqəsi-2005" artıq sona yetir. Bu müddət ərzində gənc iştirakçılar uğurlu çıxışları ilə tamaşaçı rəğbəti qazandılar, muğam sənətinin gözəlliyi bir daha nümayiş olundu.

 

Müsabiqənin bu əlamətdar, sonuncu günündə bütün iştirakçıları ürəkdən təbrik edir, hər birinə uğur və qələbə sevinci arzulayıram. Ümid edirəm ki, bundan sonra da siz qədim muğam sənətinin yaşaması və çiçəklənməsi üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.

 

Hörmətlə,

 

Mehriban Əliyeva,

 

Heydər Əliyev Fondunun prezidenti".

 

Xatırladaq ki, müsabiqə başlanmazdan xeyli əvvəl, 2005-ci il fevralın 2-də Mehriban xanım respublikamızın adlı-sanlı muğam ustalarını Heydər Əliyev Fonduna dəvət edərək, qədim muğam sənətimizin qorunub-saxlanması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, nəhayət, muğamın inkişafı, yeni ifaçılar nəslinin yetişdirilməsi naminə çox dəyərli layihələr irəli sürmüşdür.

 

"Space" Müstəqil Teleradio Şirkəti də bu təşəbbüsə qoşularaq, Azərbaycan professional musiqisinin banisi, dahi Üzeyir Hacıbəyovun 120 illiyinə həsr olunmuş muğam televiziya müsabiqəsi keçirməyi qərara almışdır. Muğam sənətinin ən mahir bilicilərindən ibarət münsiflər heyəti Azərbaycanın bütün bölgələrindən 500-ə yaxın gənc ifaçı dinləmiş və onların içərisindən 20 iştirakçı seçmişlər. Noyabr ayının 21-dən başlanmış müsabiqənin gedişi birbaşa efirdə 100 saatdan artıq yayımlanmışdır.

 

Final mərhələsinə çıxan ifaçıların iştirakı ilə Şamaxıda, Lənkəranda, Qəbələdə, Gəncədə, Yevlaxda, Sumqayıtda, Abşeron və Əzizbəyov rayonlarında konsertlər təşkil olunmuşdur.

 

Yekun konsertində Babək Niftəliyev, Vəfa Orucova, İlkin Əhmədov, Təyyar Bayramov, Qoçaq Əsgərov, Elnur Zeynalov, Elşad Aydınoğlu, Pərvaz İbrahimli, Zülfiyyə Məmmədova, Aytən Məhərrəmova, Bəyimxanım Mirzəyeva, Gülnar İsayeva, habelə müsabiqənin əvvəlki iştirakçıları çıxış etdilər.

 

Müsabiqə boyu gənc ifaçıları müşayiət etmiş, onların çıxışlarının hazırlanmasında böyük əməyi olan istedadlı musiqiçilərin - "Humay" mükafatı laureatları, tarzən Elçin Həşimov və kamançaçalan Elnur Əhmədovun, habelə nağaraçalan Kamran Kərimovun xidmətləri xüsusi vurğulanmalıdır.

 

İştirakçıların seçilməsində, onlara yol göstərilməsində, ifalarının obyektiv və peşəkarlıqla qiymətləndirilməsində münsiflər heyətinin üzvləri - xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Quliyev, Mənsum İbrahimov və Möhlət Müslümovun, əməkdar incəsənət xadimi, professor Ramiz Zöhrabovun, şair, füzulişünas Həkim Qəninin və muğam televiziya müsabiqəsinin layihə müəllifi Nadir Axundovun əvəzsiz əməyi olmuşdur.

 

Tamaşaçıların və münsiflər heyətinin səsverməsinin yekununa görə Bayramov Təyyar 1-ci, Əhmədov İlkin 2-ci, Niftəliyev Babək 3-cü yerə layiq görüldülər. Onlara Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu adından diplomlar, mükafatlar, müvafiq olaraq 2000, 1500 və 1000 manatlıq çeklər təqdim olundu.

 

Qalan 9 nəfər iştirakçı diplomlara və hər biri 500 manat pul mükafatına layiq görüldülər.

 

Müsabiqənin dəstəklənməsinə görə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşkilatçılar adından bir daha dərin minnətdarlıq bildirildi.

 

İlk televiziya muğam müsabiqəsinin qaliblərinə və diplomantlarına gələcək sənət yollarında uğurlar diləyirik.


FOTO