3 sentyabr 2004

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Mən Azərbaycanı sevirəm" adlı rəsm sərgisinin açılışı olub

Sentyabrın 3-də Səttar Bəhlulzadə adına sərgi salonunda uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqların Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Mən Azərbaycanı sevirəm" adlı rəsm sərgisinin açılışı olmuşdur. Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir.


Kimsəsiz uşaqlara qayğı estafetinin layiqincə davam etdirildiyinə əyani sübut olan bu sərgi hər bir iştirakçıda tədbirin məramı haqqında dolğun təsəvvür yaradırdı. Sərgiyə gələn 30-a yaxın uşaq evi və internat məktəbinin sakinləri, xarici ölkələrin respublikamızdakı səfirləri Azərbaycan Prezidenti İlham Əliyevin xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı böyük səmimiyyətlə qarşıladılar. Taleyin ağır zərbələrinə, sərt sınaqlarına məruz qalan, bununla belə xeyirxah insanların şəfqət duyğularından mətinləşən, dəyanətləri ilə mübarizləşən, dünyanın gözəlliyini görməyi və göstərməyi bacaran balaca istedadların əl işləri Mehriban xanım Əliyevada xoş təəssürat yaratdı. Kimsəsiz, bir və ya hər iki valideynini itirən, həmçinin müəyyən səbəblər üzündən ailəsindən ayrı yaşamağa məcbur olan, ağır xəstəliklərə tutulan uşaqların nə qədər zəngin təxəyyülə, sonsuz təsəvvürə malik olduqlarını bilmək üçün bu sərgidəki rəsmlərə baxmaq kifayət idi.


Xalqımızın dərin zəkaya, qüdrətli istedada malik olduğunu kövrək barmaqları ilə təsdiqləyən bu uşaqlar müraciət etdikləri mövzularla bağlı Mehriban xanıma ətraflı məlumat verdilər.


Mehriban xanım səmimiyyətdən, xoş münasibətdən təsirlənən uşaqların yaradıcılıq sevincinə ürəkdən şərik oldu, onları bu uğurları münasibətilə təbrik etdi, qayğıları ilə maraqlandı.


Heydər Əliyev Fondunun nümayəndəsi Anar Ələkəbərov təəssüratını bölüşmək üçün Fondun prezidenti Mehriban xanımı mikrofona dəvət etdi.


Öz çıxışında bu sərgidə gördüklərindən məmnun olduğunu söyləyən Mehriban xanım, istedad və bacarıqları ilə tamaşaçıları heyran qoyan, ekspozisiyanı gözəlləşdirən uşaqları təbrik etdi və bildirdi ki, ulu öndərimiz Heydər Əliyevin ideyalarına söykənən Heydər Əliyev Fondunun keçirdiyi ilk tədbirlərdən biri olan bu sərgi respublikamızda hamının diqqətini qayğıya daha çox ehtiyacı olan uşaqlara yönəltmək məqsədi daşıyır. Mehriban xanım qeyd etdi ki, bu sərgi dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin nəvəsi Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub. Leyla Əliyeva bu ideyaya qoşulan yaşıdları ilə birlikdə ötən iki ay ərzində uşaq evləri və internat məktəblərinin sakinləri ilə görüşüb, onları müxtəlif hədiyyələrlə sevindirib, yaradıcılıq imkanları ilə maraqlanıb və bütün bunlar belə gözəl bir sərgi ilə nəticələnib. Mehriban xanım bildirdi ki, Azərbaycandakı 65 uşaq evi və internat məktəbində 20 minə qədər uşaq yaşayır, bir milyondan artıq qaçqın və məcburi köçkün övladları da müxtəlif problemlərdən əziyyət çəkir. Odur ki, məhz bu gün hamı səylərini birləşdirərək bu qəbildən olan uşaqlara qayğı və diqqət göstərməlidir. Çünki sabah gec ola bilər. Mehriban Əliyeva hamını Heydər Əliyev Fondunun bu nəcib təşəbbüsünə qoşulmağa, onun təşkilatçıları ilə bir yerdə olmağa dəvət etdi.


İtaliyanın Azərbaycandakı səfiri Marqarita Kosta azərbaycanlı uşaqların sərgidə nümayiş etdirilən əl işlərindən yüksək dərəcədə zövq aldığını, qürur duyduğunu, Mehriban Əliyevanın mərhəmətə çağırışını alqışladığını söylədi. Azərbaycanlı xəstə körpə uşağı himayə etdiyini bildirən səfir dünyanın bütün uşaqlarına sevinc və səadət arzuladı.


Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov əsası Heydər Əliyev tərəfindən qoyulan kimsəsiz uşaqlara qayğı ənənəsinin bu gün Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və onun qızı Leyla Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirilməsini estafetin etibarlı əllərdə olması, həm bu günümüzə, həm də sabahımıza möhkəm təminat verilməsi kimi səciyyələndirdi.


Sonra ümummilli liderimiz Heydər Əliyevin kimsəsiz uşaqlara qayğı siyasətindən və bu siyasətin uğurla davam etdirilməsindən söhbət açan qısametrajlı filmə baxış oldu.


Filmin hər bir insanda doğurduğu kövrək hisslərin təsiri altında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və onun qızı Leyla Əliyeva təkcə taleyi ilə deyil, həm də istedad və qabiliyyəti ilə bir çox yaşıdlarından seçilən, mədəniyyətimizi zənginləşdirməyə qadir olan uşaq evi və internat məktəblərinin sakinləri, onların müəllim və tərbiyəçiləri ilə xatirə şəkli çəkdirdilər.


Tədbir "Şam" restoranında sərgi iştirakçıları üçün açılan nahar süfrəsi arxasında davam etdirildi. Balaca istedadlar onlar üçün hazırlanmış əyləncəli proqrama qatıldılar, rəqs edib şənləndilər, ürəkləri istəyən qədər əyləndilər.


Tədbirin sonunda sərgidə iştirak edən uşaq evləri və internat məktəblərinin sakinlərinə hədiyyələr təqdim edildi.