014.JPG
14 noyabr 2012

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda “Azərbaycanın zəngin incilərinə tarixi baxış” adlı sərgi açılıb

Azərbaycan ilə Vatikan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə noyabrın 14-də Vatikanda “Azərbaycanın zəngin incilərinə tarixi baxış” adlı sərgi açılıb.


Azərbaycan ilk müsəlman ölkəsidir ki, Vatikanda mədəni dəyərlərinin nümayiş olunduğu sərgi təşkil edir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təntənəli açılışı olan sərginin əhəmiyyətini artıran ən mühüm cəhət də məhz bu amillə bağlıdır.


Sərginin açılışından əvvəl Azərbaycan tərəfdən mərasimdə iştirak edən Baş nazirin müavini Elçin Əfəndiyev ilə Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Canfranko Ravazinin görüşü oldu. Görüşdə Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişafı, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə mühüm xidmətlər göstərdiyi bildirildi. Həmçinin son dövrlərdə Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda keçirilən tədbirlərin xoş ənənəyə çevrildiyi vurğulandı. Görüşdə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından ötən 20 il ərzində mühüm əməkdaşlıq əlaqələrinin yaradıldığı diqqətə çatdırıldı.


Mərasimdə çıxış edən Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Canfranko Ravazi ölkələrimiz arasında yaranan əlaqələrin mədəniyyət və humanitar sahədə daha çox inkişaf etdiyini bildirdi. “Biz Azərbaycan ilə əlaqələrimizi uğurlu hesab edirik” - deyən kardinal Ravazi vurğuladı ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr bu əməkdaşlığın inkişafında müstəsna xidmətləri ilə seçilir. Müqəddəs Roma katakombalarının bərpası ilə bağlı Heydər Əliyev Fondunun yardımını xatırladan kardinal Ravazi bunu mədəniyyətlərarası və svilizasiyalararası dialoq platformasının mühüm nümunəsi kimi qiymətləndirdi.


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını mərasim iştirakçılarına çatdıran Baş nazirin müavini Elçin Əfəndiyev ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və keçdiyi inkişaf yolu barədə məlumat verdi. Elçin Əfəndiyev bildirdi ki, Azərbaycan əsrlər boyu dini dözümlülüyün, tolerantlığın əsas məkanlarından biri kimi tanınıb və bu proses bu gün də davam edir. Qeyd edildi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir.


“Bu gün açılan sərgi Vatikanda Azərbaycana verilən dəyərin təzahürüdür” - deyən Elçin Əfəndiyev Roma Papası II İohan Pavelin ölkəmizə səfərini xatırlatdı. O, qarşlıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin güclənməsinə mühüm təkan verdiyini bildirdi.


Sonra “Azərbaycanın zəngin incilərinə tarixi baxış” sərgisinin açılışı oldu. Azərbaycan tarixinin və mədəniyyətinin bütün dövrlərinin yüksək səviyyədə təmsil olunduğu sərginin əsas cəhətlərindən biri də ölkəmizin mədəniyyətlərin və svilizasiyaların kəsişmə nöqtəsi kimi təqdim olunması idi. Altı bölmədən ibarət sərgi ilə tanış olan qonaqlara məlumat verildi ki, burada ilk insan məskənlərindən biri - Azərbaycan ərazisində tapılan arxeoloji materiallar nümayiş etdirilir. Təqdim olunan eksponatların hamısı Azərbaycanın mədəniyyətini və həyat tərzini layiqincə əks etdirir. Müxtəlif sənətkarlıq nümunələrinin - silahların, zinət əşyalarının və qədim misgərlik məmulatlarının nümayiş olunduğu sərgidə UNESCO-nun mədəni irs siyahısına daxil edilmiş Azərbaycan muğam sənətinə və musiqi alətlərimizə də geniş yer ayrılmışdır. Qədim əlyazmalar, müxtəlif dinlərə aid müqəddəs kitablar isə ölkəmizdə tolerantlıq ənənələrinin nə qədər güclü dayaqlara söykəndiyini göstərir.


Azərbaycan xalçaları sərginin ən qiymətli inciləri sırasındadır. Coğrafi mövqeyinə, naxış kompozisiyasına, rənglərin ahənginə və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətlərinin təmsil olunduğu bu sərgidəki xalçalar milli və dünyəvi dəyərləri qonaqlara təqdim edir.


Sərgi çərçivəsində Heydər Əliyev Fondunun müxtəlif layihələrini əks etdirən kitablar, bukletlər və digər nəşrlərlə yanaşı, “Azərbaycan” nəşrinin italyan dilində versiyası təqdim olunmuşdur.


“Azərbaycanın zəngin incilərinə tarixi baxış” sərgisi dekabrın 5-dək davam edəcəkdir.


FOTO

VİDEO