5 mart 2013

Bakıda “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı keçiriləcək

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə martın 9-dan 19-dək Bakıda “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı keçiriləcək.


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin sərəncamı ilə “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalının keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib. Festival çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlərin keçirilməsi, beynəlxalq muğam müsabiqəsinin (martın 15-dən 18-dək), beynəlxalq elmi simpoziumun (martın 12-dən15-dək) və ustad dərslərinin təşkili nəzərdə tutulub.


Festivalda iştirak etmək üçün Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan, ABŞ, Fransa, Kanada, İngiltərə, Liviya, Braziliya, İspaniya, İtaliya, Almaniya, İordaniya, Yaponiya, Türkmənistan, Rusiya, Çin, Hindistan, Tunis və Misirdən dünya şöhrətli musiqiçilər və qruplar Azərbaycana dəvət olunublar.


Beynəlxalq festivalın iştirakçıları arasında, həmçinin “Gözəl qızlar” qrupu (Çin), Hüseyn Əl-Ədhəmi (İraq), Lotvi Buşnak (Tunis), Munojat Yolçiyeva (Özbəkistan), Abdessalam Bajedub və “Chabab Al Andalouss” qrupu (Mərakeş), “Turasu Libya Makam” (Liviya), Cefri Verbok (ABŞ), Ozodaxon Aşurova (Tacikistan), Meta Pandit (Hindistan), “Anadolunun səsləri” ansamblı (Türkiyə), Xoakin Kortes və “Flamenko” ansamblı (İspaniya) və digər tanınmış ifaçılar də musiqi kollektivləri olacaq.


Festival çərçivəsində təqdim olunacaq konsertlərdə xarici musiqiçilərlə yanaşı, Azərbaycanın görkəmli muğam ustaları Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov, Aygün Bayramova, Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Simarə İmanova, Nəzakət Teymurova, Nuriyyə Hüseynova, Gülyaz Məmmədova, Fərqanə Qasımova, Vüsalə Musayeva, Təyyar Bayramov, istedadlı gənc ifaçılar - Arzu Əliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, Rəvanə Ərəbova, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov və başqaları çıxış edəcəklər.


Eyni zamanda, festival günlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin, Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin, Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin, Dövlət rəqs ansamblının, Dövlət mahnı və rəqs ansamblının, Dövlət xor kapellasının çıxışları da nəzərdə tutulub.


İlk dəfə olaraq Qara Qarayev adına Dövlət kamera orkestrinin, xor kapellasının və solistlərin ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının konsert ifası tamaşaçılara təqdim olunacaq.


Eyni zamanda, festival günlərində qonaqlar üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Qara Qarayevin “Yeddi gözəl”, Fikrət Əmirovun “Min bir gecə” tamaşaları təqdim ediləcək.


Festival çərçivəsində Bakı Caz Mərkəzində tanınmış caz ifaçıları Cəmil Əmirovun, Salman Qəmbərovun, Elçin Şirinovun, Etibar Əsədlinin, Əfqan Rəsulun rəhbərliyi ilə caz kollektivlərinin iştirakı ilə konsertlər keçiriləcək.