1392751_559277637476402_1968983229_n.jpg
22 oktyabr 2013

UNESCO-da azərbaycanlı mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirilib

Oktyabrın 22-də Parisdə UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirilib. Simpozium “Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi” mövzusuna həsr olunub.

 

Simpoziumda Seyid Yəhya Bakuvi və onun banisi olduğu xəlvətilik təriqəti, onların dünyada tolerantlıq və qarşılıqlı hörmətin möhkəmlənməsinə verdiyi töhfə barədə məruzələr dinlənilib.

 

Tədbirdə İngiltərə, Fransa, Türkiyə, Əlcəzair, Azərbaycan və başqa ölkələrdən dəvət edilmiş tədqiqatçı alimlər, UNESCO-da akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları, diaspora təmsilçiləri, mədəniyyət xadimləri iştirak ediblər.

 

Simpozium Azərbaycanda multikulturalizm və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi istiqamətində Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüslərindən bəhs edən “Tolerantlığın məkanı” adlı sənədli filmin nümayişi ilə başlayıb.

 

DQİDK-nin sədri Elşad İskəndərov Seyid Yəhya irsinin Azərbaycanda milli kimliyin əsasında duran dini tolerantlığın formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Azərbaycanda əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin bu gün hökumət tərəfindən təşviq edildiyini deyən E.İskəndərov Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu ilin UNESCO tərəfindən “S.Y.Bakuvi ili” elan olunmasını da buna nümunə göstərib.

 

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Nasser Abdulaziz Al-Nasser UNESCO tərəfindən 2013-cü ilin “Seyid Yəhya Bakuvi ili” kimi qeyd edilməsini əlamətdar hadisə adlandırıb. Bu il Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Forumu zamanı Bakıya səfərini xatırladan Nasser Abdulaziz Azərbaycanın mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində dövlətin davamlı fəaliyyətinin şahidi olduğunu vurğulayıb.

 

UNESCO-nun Mədəniyyətlərarası Dialoq Platformasının başçısı Katerina Stenou da Azərbaycanda dini dözümlülüyün sadəcə sözdə olmadığını söyləyib: “Azərbaycan xalqı tarix boyu mədəniyyətlər və dinlər arasındakı qarşılıqlı rəğbətin ən gözəl nümunəsini yarada bilib”.

 

Nüfuzlu alimlərin iştirakı ilə “Azərbaycandan dünyaya açılan pəncərə: Seyid Yəhya Bakuvi və xəlvətilik”, “Azərbaycanda sufilik və Bakuvi irsi“ adlı panellərdə işinə davam etmiş simpoziumda Seyid Yəhya Bakuvi və onun banisi olduğu xəlvətilik təriqəti, onların dünyada tolerantlıq və qarşılıqlı hörmətin möhkəmlənməsinə verdiyi töhfə barədə məruzələr dinlənilib.

 

Günün sonunda tədbir iştirakçıları dünya şöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan – tolerantlıq məkanı” adlı fotosərgisinə baxıblar.

 

Sərgini açan Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Anar Kərimov Heydər Əliyev Fondunun təşkilatçılığı, UNESCO və DQİDK-nin dəstəyi ilə təşkil edilən sərgidə nümayiş etdirilən fotoların bütünlükdə Azərbaycandakı tolerantlığı əks etdirdiyini bildirib.

 

Sonda ziyafət verilib.


FOTO