13- Qabala-festival-baqlanish.jpg
7 avqust 2018

X Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 7-də uğurla başa çatıb. Gözəl ənənəyə çevrilən festival bu dəfə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib. İyulun 30-da başlanan və doqquz gün davam edən musiqi bayramında Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya, Gürcüstan kimi ölkələrdən dünya şöhrətli dirijor, ifaçı və kollektivlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak ediblər.

 

Festivalın davam etdiyi günlərdə yerli musiqisevərlər və şəhərin qonaqları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə simfonik, Azərbaycan dövlət simfonik orkestrlərinin, Kubanın “Jovanes Clasicos Del Son” qrupunun, İsrailin virtuoz pianoçularının, “Muğam” instrumental ansamblının müşayiəti ilə Azərbaycanın gənc muğam ifaçılarının, Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” kamera orkestrinin, Xalq artisti, virtuoz qarmon ifaçısı Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblının, Macarıstandan gəlmiş “Budapeşt Gypsy Band” musiqi qrupunun, “Clarte” klarnet kvartetinin, İsrailin dünya şöhrətli Yerusəlim simfonik orkestrinin, Gürcüstanın Tbilisi “Big Band” orkestrinin konsertlərini izləmək imkanı əldə ediblər. Festivalın konsertlərindən biri dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunub. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında və açıq səhnədə, həmçinin rayon mədəniyyət mərkəzində keçirilən bu konsertləri minlərlə tamaşaçı böyük maraqla izləyib.

 

Avqustun 7-də axşam Qəbələ Rayon Mədəniyyət Mərkəzində X Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti olub. Mərasimdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, tanınmış musiqiçilər, yerli musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

 

Bağlanış mərasimində Yerusəlim simfonik orkestrinin müşayiəti ilə tamaşaçılara “Viva opera” konsert proqramı təqdim olunub.

 

Tanınmış ispan bəstəkarı Salvador Brotonsun dirijorluğu ilə keçən konsertdə C.Rossininin “Sevilya bərbəri” operasından uvertüra və Don Bazilionun ariyası, C.Puççininin “Canni Skikki” və “Toska” operalarından ariyalar, “Bohema” operasından Müzettanın valsı, “Manon Lesko” operasından Manonun ariyası və İntermezzo, V.A.Motsartın “Don Juan” operasından Leporellonun ariyası, Tserlina və Don Juanın dueti, C.Verdinin “Taleyin gücü”, “Don Karlos” və “Otello” operalarından ariyalar, J.Massnenin “Verter” operasından Verterin ariyası və dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası ifa edilib.

 

Solistlər Giorgi Çelidzenin (Gürcüstan), Elnarə Məmmədovanın, Adil Axundovun, Məhərrəm Hüseynovun, Kiara İsottonun (İtaliya), Mine Kurtoğlunun (Türkiyə) və Xalq artisti Samir Cəfərovun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Konsertin sonunda bütün solistlər birlikdə C.Verdinin “Traviata” operasından “Brindisi” ifa ediblər.

 

X Qəbələ Beynəlxalq Musiqi Festivalı atəşfəşanlıqla başa çatıb.


FOTO