Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ III Beynəlxalq Musiqi Festivalı avqustun 5-də başa çatmışdır.
Möhtəşəm musiqi bayramının bağlanış mərasimində Milli Məclisin deputatı Fəttah Heydərov, festivalın bədii rəhbəri, Xalq Artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış etmişlər. İyirimi üç gün ərzində Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə əsl musiqi bayramının yaşandığını vurğulayan natiqlər qeyd etmişlər ki, bu beynəlxalq festival dostluq və mədəniyyət bayramı olmuşdur. Belə gözəl bayramı Azərbaycanımıza bəxş edən, bu möhtəşəm tədbirin Qəbələdə keçirilməsinin təşəbbüskarı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin təşəkkür bildirilmişdir. Festival çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, ustad dərsləri, kamera musiqisi və orkestr konsertləri, klassik musiqi axşamları, muğam konserti keçirilmişdir. Bu müddətdə Azərbaycan dinləyicilərini və tamaşaçılarını, Qəbələ əhalisini öz uğurlu, gözəl ifaları ilə feyziyab etmiş sənətkarlara, 20-dən artıq ölkəni təmsil edən dünya şöhrətli musiqiçilərə, Azərbaycanın tanınmış sənətkarlarına minnətdarlıq edən natiqlər festivalı möcüzəli layihə adlandırmış və müxtəlif ölkələrdən gələn sənətkarların yerli və xarici tamaşaçıları valeh etdiyini xüsusi vurğulamışlar. Onlar əmin olduqlarını bildirmişlər ki, bu festival ölkələr arasında dostluq və əməkdaşlığın inkişafına yeni təkan verəcəkdir.
Qeyd edilmişdir ki, tədbir həm də Azərbaycan təbiətinin, qonaqpərvərliyinin, musiqisinin nümayişinə çevrilmişdir. Bu möhtəşəm tədbir ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin mədəniyyətə, incəsənətə, sənət adamına qayğısı, diqqəti sayəsində mümkün olmuşdur. Məhz dövlətimizin başçısının yeritdiyi siyasət belə möhtəşəm tədbirin keçirilməsinə imkan vermişdir.
Tədbir “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin maraqlı konsert proqramı ilə başa çatmışdır. Konsertdə amerikalı violoncel ifaçısı və dirijor, festivalın bədii rəhbəri Dmitri Yablonski və məşhur rusiyalı pianoçu Boris Berezovski də çıxış etmişlər. Musiqiçilər bəstəkar F.Listin “Prelüdlər” simfonik poemasını, piano və orkestr üçün bir və iki saylı konsertlərini səsləndirmişlər.