5.jpg
23 may 2022

Heydər Əliyev Fondunun dəstəyi ilə Qubada ənənəvi yəhudi evi bərpa olunacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə ənənəvi yəhudi evi bərpa olunacaq.

 

“Qırmızı qəsəbədə yəhudilərin ənənəvi evinin bərpası layihəsi” Amerika Birləşmiş Ştatlarının, İsrailin ölkəmizdəki səfirlikləri və Dağ Yəhudilərinin İrsi Mərkəzi ilə birlikdə həyata keçirilir.

 

Mayın 23-də Qubada layihənin başlanması ilə əlaqədar təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun departament direktoru, Milli Məclisin deputatı Soltan Məmmədov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer, İsrailin ölkəmizdəki səfiri Corc Dik və Qırmızı qəsəbə sakini Nisim Nisimov çıxış ediblər.

 

Heydər Əliyev Fondunun departament direktoru, Milli Məclisin deputatı Soltan Məmmədov bildirib ki, Fond yarandığı gündən Azərbaycanın tarixi, mədəniyyəti və milli dəyərlərinin dünyada təbliği ilə yanaşı, həm ölkəmizdə, həm də Azərbaycandan kənarda müxtəlif dinlərin qardaşlığı, xalqların birliyi və dostluğu ilə bağlı çoxsaylı layihələr həyata keçirib.

 

“Heydər Əliyev Fondu Fransanın müxtəlif vilayətlərində ondan çox kilsənin, o cümlədən Strasburq Kafedral kilsəsinin bərpa olunmasında yaxından iştirak edib. Bundan başqa, müsəlman aləmi üçün böyük bir yenilik olan, Azərbaycan Vatikanla əməkdaşlıq çərçivəsində katakombaların bərpasında çox böyük işlər görülüb. Fondun təşəbbüsü ilə ölkəmizdə də bir sıra dini məbədlərin bərpası həyata keçirilib. İsrail səfirliyi ilə əməkdaşlıq çərçivəsində Heydər Əliyev Fondu tərəfindən yəhudi uşaqları üçün tədris mərkəzinin açılması, sinaqoqun təmir olunması, bu yaxınlarda isə İsmayıllının Mücü kəndində yəhudi qəbiristanlığının bərpası kimi layihələr həyata keçirilib”, - deyə Soltan Məmmədov bildirib.

 

Soltan Məmmədov Heydər Əliyev Fondunu iştirakı ilə reallaşan “Qırmızı qəsəbədə yəhudilərin ənənəvi evinin bərpası layihəsi”nin turizm baxımından çox əhəmiyyətli olduğunu və buranın gələcəkdə qonaqpərvərliyin bir nümunəsi kimi təqdim olunacağını qeyd edib.

 

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hər zaman bütün bu layihələrin icrasına xüsusi diqqət yetirir. Xüsusilə Azərbaycanda yaşayan milli azlıqların bərabərhüquqlu həyat tərzi, Azərbaycan ictimaiyyətinin ayrılmaz bir hissəsi, dövlətimizin həyata keçirdiyi dinlərarası siyasətdən bəhrələnməsi üçün böyük dəstək göstərir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

 

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer Azərbaycanda mədəni müxtəlifliyin bariz nümunəsi olacaq və turistlərinin diqqətini çəkəcək layihədə iştirak etməkdən məmnunluğunu ifadə edib.

 

Mən fəxr hissi duyuram ki, ABŞ və İsrail Azərbaycanın dostları kimi bu ölkənin zəngin tarixinə, əsrarəngiz təbiətinə, gözəl insanlarına dəstək olur. Heydər Əliyev Fonduna həm Azərbaycanda, həm də ölkədən kənarda, dünya miqyasında gördüyü işlərə görə təşəkkür edirəm”, - deyə səfir söyləyib.

 

İsrailin ölkəmizdəki səfiri Corc Dik Qubada həyata keçirilən unikal layihəyə dəstək göstərən tərəfdaşlara təşəkkür edib: “Qırmızı qəsəbə yəhudilərin və azərbaycanlıların birgə yaşadığı icmadır. Bu gün tarixi gün yaşanır. Burada ənənəvi yəhudi evi bərpa olunacaq. Qırmızı qəsəbədəki icmanın dünyada oxşarı yoxdur. Burada yaşan icma üzvləri istəyirlər ki, qəsəbəyə investisiyalar cəlb olunsun. Buradakı iqtisadi şərait daha da yaxşılaşsın. Bütün bu işlərdə dəstəyini göstərən tərəfdaşlara təşəkkür edirəm”, - deyə C.Dik qeyd edib. Tədbirin sonunda layihənin icrası ilə bağlı məlumat verilib.


FOTO