1.JPG
5 oktyabr 2010

Prezident İlham Əliyev Məhdud Fiziki İmkanlı İnsanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib

Ölkəmizin ictimai həyatında, social problemlərin həllində çox fəal iştirak edən Heydər Əliyev Fondunun əsas məqsədlərindən biri də xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, onların sağlamlığını mühafizə etmək, social problemlərini həll etməkdir. Bu məqsədlə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə layihəsi əsasında Məhdud Fiziki İmkanlı İnsanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi yaradılmışdır. 


Oktyabrın 5-də Prezident İlham Əliyev Məhdud Fiziki İmkanlı İnsanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışında iştirak etmişdir.


Şəhər ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.


Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və mərkəzlə yaxından tanış oldu.


Ən müasir texnologiyalarla təchiz olunmuş mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, internetə çıxış, internetdə informasiyanın tapılması, əldə edilməsi kimi xidmətləri təmin edən kompyuter mərkəzi yaradılmışdır.


Mərkəzdə hərəsində 24 kompyuter olan 2 kompyuter otağı və 12 kompyuterdən ibarət tədris otağı fəaliyyət göstərir. Kor və zəif görənlər üçün kompyuterlərə Brayl displeyi, “VideoLight” böyüdücü cihazı quraşdırılmışdır. Brayl displeyi görmə qabiliyyətini itirmiş insanların internetdən istifadə etməsinə tam şərait yaradır. Displeyin vasitəsilə istifadəçi həm monitordakı informasiyanı əldə edə bilir, həm də informasiyanı ora əlavə edə bilir. “Videolight” böyüdücü cihazı avtomatik fokusa alan kameradan və stolüstü lampadan ibarətdir. Bu qurğu vasitəsilə istənilən informasiyanı lazımi qədər böyütmək olar. Kor və zəif görən insanlar “Kitab həvəskarı - kompakt” oxu maşınının imkanlarından istifadə edə bilərlər. Bu qurğunun vasitəsilə Azərbaycan, türk, ingilis, rus və s. dillərdə istənilən kitabı səsləndirmək olar. Maşın kitabı səsləndirməklə eyni vaxtda səslənməni CD diskə yazmaq imkanına malikdir. “Kitab həvəskarı - kompakt” oxu maşını böyük yaddaşa malikdir. Quraşdırılmış sərt disk çoxlu sayda səhifəni yadda saxlamağa malikdir ki, onları da yenidən tapıb oxumaq çox asandır.


Mərkəzdə əqli cəhətdən zəiflər üçün intellektual oyunlar otağı yaradılmışdır. Buradakı kompyuterlərə zehni inkişaf etdirən oyunlar quraşdırılmışdır.


Mərkəzin kitabxanasında korlar üçün 1000-ə yaxın Brayl əlifbası ilə nəşr olunmuş kitab və həmçinin zəif görən insanlar üçün böyük şriftlə nəşr olunmuş kitablar vardır. Mərkəzdə yaradılan audiostudiyanın yardımı ilə kitabxana audiokitablarla təmin ediləcəkdir.


İkimərtəbəli mərkəzdə 60 nəfərlik kinozal, 40 nəfərlik iclas zalı yaradılmışdır. Kinozalda lal və karlar üçün subtitrlə olan filmlərin nümayişi nəzərdə tutulmuşdur. Əlil arabası ilə buraya gələn əlillər heç bir kömək olmadan binaya daxil ola və içəridə maneəsiz hərəkət edə biləcəklər. Ümumi sahəsi 860 kvadratmetr olan binanın həyətində yaşıllaşdırma işləri aparılmış, istirahət guşələri salınmışdır. Mərkəzinin xidmətindən Naxçıvan şəhəri daxil olmaqla muxtar respublikanın 7 rayonunda yaşayan məhdud fiziki imkanlı insanlar istifadə edə biləcəklər.


Qeyd edək ki, Heydər Əliyev Fondu Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramı ilə birgə Gəncə şəhərində də müvafiq mərkəz yaratmışdır. Gəncə şəhərində yaradılan Regional İnformasiya Mərkəzinin imkanlarından Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir, Naftalan rayonlarından olan 60 970 fiziki qüsuru olan insan istifadə edir.


Layihə fiziki qüsuru olan insanların cəmiyyətin həyatında aktiv iştirak etməsini, onların informasiya kommunikasiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsini, ümumilikdə bu insanların yaşayış tərzinin yaxşılaşdırılmasını və onların işsizlik probleminin aradan qaldırılmasını təmin edəcəkdir.


Prezident İlham ƏLİYEV şəhər sakinlərini salamlayaraq dedi:


- Sizi təbrik edirəm. Bu gözəl mərkəzin yaradılması doğrudan da, çox vacib, əlamətdar hadisədir. Burada fiziki imkanları məhdud olan uşaqlar üçün bütün şərait yaradılıbdır. Bildiyiniz kimi, Heydər Əliyev Fondu çox böyük fəaliyyətlə məşğuldur. Azərbaycanın bütün bölgələrində məktəb tikintisi, xəstəxanaların avadanlıqla təchiz edilməsi, mədəni irsimizin qorunması sahəsində böyük işlər görür. Eyni zamanda, uşaqlar, yeniyetmələr, kimsəsiz uşaqlar üçün şərait yaradılır.


Bu mərkəzin yaradılması, əslində Azərbaycanda bu sahədə dövlət siyasətinin təzahürü kimi qiymətləndirilməlidir. Çünki Azərbaycan dövləti öz sosial proqramlarını çox uğurla irəliyə aparır və çox şadam ki, ictimai təşkilatlar da bu işlərə qoşulurlar. İctimai təşkilatların arasında Heydər Əliyev Fondu əlbəttə ki, xüsusi rola malikdir. İndi burada quraşdırılan bütün avadanlıq dünyanın ən yüksək standartlarına cavab verir. Fiziki imkanları məhdud olan uşaqlar burada oxuyacaqlar. Onlar cəmiyyətdən kənarda qalmayacaqlar. Azərbaycanda elə şərait yaradılmalıdır ki, bütün vətəndaşlar onların fiziki imkanlarına baxmayaraq, ondan asılı olmayaraq, cəmiyyətdə öz yerini tuta bilsin. Xəstə və fiziki cəhətdən qüsurlu uşaqlar bu gözəl binada oxuyacaqlar və əminəm ki, cəmiyyətdə öz yerini tapacaqlar. Bu savab işdə iştirak edən, bu işləri təşkil edən bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm. Müəllimlərə, buradakı təlimatçılara xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, bu, doğrudan da, böyük savab, xeyirxah işdir. Əminəm ki, uşaqlar da bunu qiymətləndirəcəklər. Bir daha sizi təbrik edirəm.


X X X


Şəhər sakinləri adından çıxış edən Aygün XUDİYEVA mərkəzin inşasına görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirdi.


Prezident İlham ƏLİYEV dedi:


- Bu informasiya mərkəzidir, amma əslində bir məktəbdir, tədris müəssisəsidir, təlim mərkəzidir. Gözəl binadır, xarici görünüşü də, şəraiti də gözəldir. Yenə də demək istəyirəm ki, bütün lazımi avadanlıq vardır. Çox böyük işdir, gözəl işdir. Bir daha təbrik edirəm.


Sonda xatirə şəkli çəkdirildi.


FOTO

VİDEO