001.jpg
16 mart 2013

Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində Vaqif Mustafazadənin həyat və yaradıcılığına həsr olunmuş musiqi albomu nəşr edilib

Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində virtuoz ifaçı, görkəmli musiqiçi Vaqif Mustafazadənin həyat və yaradıcılığına həsr olunmuş musiqi albomu nəşr edilib. Alboma Rauf Fərhadovun müəllifliyi ilə  Azərbaycan mədəniyyətində silinməz iz qoymuş dahi pianoçunun parlaq yaradıcılığından bəhs edən kitab və audio disk daxildir.


Vaqif  Mustafazadə milli cazın ilk cığırını açıb, iki fərqli musiqi mədəniyyətləri arasında ümumi cəhətləri taparaq onları qoşalaşdırmaq istəyini uğurla gerçəkləşdirə bilib. O, caz və muğamı özünəməxsus şəkildə sintez edərək yeni və ecazkar bir musiqi janrı yaradıb.


İmpravizə ustadının yaradıcılığına həsr olunmuş kitabda ötən əsrin 20-ci illərindən başlayaraq Avropa və sovet incəsənət aləmində tanınan cazın janr kimi inkişaf tarixçəsi təqdim olunur. 20-ci illərdə Qafqazın Parisi sayılan Bakı açıq şəhər hesab olunduğundan caz çoxsaylı millətlərin musiqisini özündə birləşdirən janr kimi burada münbit zəmin tapmışdı. Cazın qaynaqları, inkişaf tarixi barədə geniş informasiyalı kitabda 1939-cu ildə Tofiq Quliyevin yaratdığı Azərbaycan Dövlət Caz Orkestri və mahir ifaçılar barədə də maraqlı məqamlar var.


60-cı illərdə Bakı mühiti cazın “qızıl əsr”i kimi qiymətləndirilirdi. Belə bir mühitdə yetişən Vaqif  Mustafazadənin caz və muğamın sintezində etdiyi eksperimentlər böyük tamaşaçı sevgisi qazanmışdı. Onun qısa, lakin musiqi dolu həyatının önəmli mərhələlərindən bəhs edən kitabda maraqlı foto şəkillərlə yanaşı, yaxın çevrəsindən, sənət dostlarından və doğmalarından da ətraflı bəhs edilir. Albomda təqdim olunan audio diskdə isə maestronun bütün ifaları cəm olunub.


Mədəni irsimizin qorunması və təbliği istiqamətində gerçəkləşdirilən layihəni XX əsr musiqi mədəniyyətimizin daha bir tarixi mərhələsi haqqında dəyərli tədqiqat kimi qiymətləndirmək olar.