car-azerbaycan-safir-gorush-.jpg
10 aprel 2013

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış bir sıra kitablar Cənubi Afrika Milli Kitabxanasına hədiyyə olunub

Azərbaycanın Cənubi Afrikadakı səfiri Elxan Poluxov Pretoriya şəhərindəki bu ölkənin Milli Kitabxanasının rəhbəri, Milli Kitabxanalar Konfransının sədri Con Kvale Tsebe ilə görüşüb.


E.Poluxov həmsöhbətinə Azərbaycanda sürətlə gedən inkişaf prosesi, dövlət tərəfindən təhsilə, elmin inkişafına göstərilən diqqət, respublikamızda fəaliyyət göstərən kitabxanalar barədə ətraflı məlumat verib.


Azərbaycanda yeni nəşrlərin çıxmasında Heydər Əliyev Fondunun xüsusi rolunu vurğulayan səfir Fond tərəfindən hazırlanmış bir sıra kitabları Cənubi Afrika Milli Kitabxanasına hədiyyə edib.


Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə fikir mübadiləsi aparılıb.


E.Poluxov iki ölkənin milli kitabxanaları arasında əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb. Bu cür əlaqələrin qurulmasında maraqlı olduğunu deyən C.Tsebe ölkələrimiz barədə məlumatların kitabxanalarda yerləşdirilməsi üçün bütün lazımi addımları atmağa hazır olduğunu söyləyib.


Sonda Azərbaycan diplomatı kitabxana ilə tanış olub. Məlumat verilib ki, Cənubi Afrika Milli Kitabxanası Afrika qitəsində ən böyük və zəngin kitabxanalardan biridir.