4.JPG
3 noyabr 2014

“Azərbaycan-Macarıstan mətbəxi” kitabının təqdimatı olub

Noyabrın 3-də Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin və Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə çap edilmiş “Azərbaycan-Macarıstan mətbəxi” kitabının təqdimatı olub.

 

Təqdimat mərasimində Azərbaycan ilə Macarıstan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdiyi vurğulanıb, Heydər Əliyev Fondunun beynəlxalq layihələr çərçivəsində Macarıstanda da bir sıra layihələr reallaşdırdığı qeyd olunub.

 

Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Səfir Azərbaycan və macar dillərində işıq üzü görən nəşrdə hər iki xalqa məxsus milli yeməklər, zəngin mətbəx nümunələri barədə ətraflı məlumatların yer aldığını söyləyib: “Azərbaycan-Macarıstan mətbəxi barədə ilk kitabı tərtib etmək mənim üçün çətin olmadı. Mən həm yeməyi, həm də bişirməyi xoşlayıram və həmçinin bir-birinə çox yaxın olan Azərbaycan və macar mətbəxini hədsiz dərəcədə sevirəm”.

 

Səfir kitabın hazırlanmasına verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

 

Tədbirdə Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto da iştirak edib. Nazir “Azərbaycan-Macarıstan mətbəxi” kitabını iki ölkə arasındakı dostluq əlaqələrinə töhfə kimi dəyərləndirib.


FOTO