2 iyul 2007

“Muğam” jurnalının ilk nömrəsi və “Muğam -Antologiya” layihəsi çərçivəsində Səfiyəddin Urməvinin və Fətullah Şirvaninin əsərləri işıq üzü görüb


Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsis etdiyi “Muğam” jurnalının ilk nömrəsi və “Muğam-Antologiya” layihəsi çərçivəsində Səfiyəddin Urməvinin (1217-1294) “Şərəfiyyə risaləsi” və “Kitabül-ədvar”, Fətullah Şirvaninin (1417-1486) “Musiqi məcəlləsi” əsərləri işıq üzü görmüşdür.


“Muğam” jurnalının baş redaktoru, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun (AMDF) prezidenti Mehriban xanım Əliyevadır. AMDF nəzdindəki “Muğam mərkəzi”ndə tərtib edilmiş və “Şərq-Qərb” mətbəəsində azərbaycan, ingilis və rus dillərində çap olunmuş jurnalın birinci nömrəsinin “Ön söz” hissəsində Mehriban xanım Əliyeva nəşrin konsepsiyası haqqında məlumat verir.


Jurnalda Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun muğamla bağlı keçirdiyi müxtəlif tədbirlərin, YUNESKO-nun Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması mərasiminin, ümummilli liderimiz Heydər Əliyevin görkəmli musiqiçilərlə görüşünün əks olunduğu fotoşəkillər yer almışdır. Oxucular jurnalda görkəmli bəstəkar Fikrət Əmirovun simfonik muğamları haqqında Cəmilə Həsənovanın məqaləsi, Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri, xalq artisti, professor Firəngiz Əlizadənin və qədim xalq çalğı alətləri ansamblının bədii rəhbəri Məcnun Kərimovun müsahibələri, xalq artisti Alim Qasımov və zəmanəmizin görkəmli violonçel ustalarından biri Yo-Yo-Ma haqqında məqalələr ilə tanış ola bilərlər.


Bundan əlavə, klassik muğamların məzmunu və strukturuna aid ayrıca məqalənin yer aldığı jurnalın “Tarixin səhifələri” bölməsində müxtəlif illərə təsadüf edən və muğamla bağlı olan hadisələr haqqında xülasə verilir. “Qədim dövrlərdən xəbər verən musiqi” məqaləsində Şərq vokal məktəbindən bəhs olunur. Jurnalda milli musiqi alətlərimiz tar və qaval haqqında danışılmış, xalq şairi Bəxtiyar Vahabzadənin “Muğam” poemasından parçalar verilmişdir.


Səfiyəddin Urməvinin “Şərəfiyyə risaləsi” və “Kitabül-ədvar”, Fətullah Şirvaninin “Musiqi məcəlləsi” kitabları haqqında da qısa xülasələrin verildiyi jurnalın ilk nömrəsinin son səhifələrində “Biz muğam haqqında nə bilirik və onun gələcəyi varmı?” sorğusuna müxtəlif peşə sahiblərinin cavabları da dərc olunmuşdur.