Üzeyir dünyası

Heydər Əliyev Fondu Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan, müasir Azərbaycan professional musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş “Üzeyir dünyası” layihəsini hazırlayıb. 2008-ci il sentyabrın 17-də “Gülüstan” sarayında layihənin təqdimatı keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.


“Üzeyir dünyası” layihəsinə “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Bədii və publisistik əsərləri” kitabları, “Leyli və Məcnun”, “Koroğlu” operaları və “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir.


“Ömür salnaməsi” kitabı Qulam Məmmədlinin Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən kitabı əsasında hazırlanıb. Kitabda Üzeyir bəyin maraqlı həyatı və çoxsahəli yaradıcılığı konkret faktlarla işıqlandırılır, 60 illik dövr ərzində müxtəlif qəzet və jurnallardan, kitablardan, arxiv materiallarından götürülmüş faktlar və sənədlərlə Üzeyir Hacıbəylinin əsərləri, bu əsərlər barədə fikir və rəylər təqdim edilir. Burada, həmçinin dahi bəstəkarın əsərləri və onun haqqında yazılan müxtəlif materiallar toplanıb, indiyədək üzeyirşünaslığa dair nəşr olunmuş əsərlərin tam biblioqrafiyası verilib.


Kitaba ön sözü Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yazıb.


“Bədii və publisistik əsərləri” kitabında Üzeyir Hacıbəylinin operaları, musiqili komediyaları, satirik hekayələri, səhnəcikləri, felyetonları və məqalələri toplanıb.