Bakının Xətai rayonunda Zığ yolu istiqamətində Sadıqcan və Əbilov küçələrinin əhatəsində yerləşən “Gənclik” parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb.
Parkda şəhər sakinlərinin və qonaqların istirahəti üçün müxtəlif infrastruktur yaradılıb. Buradan Bakının, o cümlədən Xəzər dənizinin əsrarəngiz mənzərəsini də seyr etmək olar.
Gənclik parkı 43 hektar ərazini əhatə edir. Ərazidə 300 minə yaxın ağac və kol- Eldar şamı, zeytun, kiparis, çinar, tuya, liqustra, müxtəlif meyvə ağacları, alyandr gülü, ardıc kolu var.
Yeni istirahət məkanında həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, attraksion quraşdırılıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılıb.
Burada bağlı və açıq futbol meydançaları inşa olunub. Parkda ziyarətçilər üçün piknik məntəqələri, qaçış üçün cığırlar, eləcə də velosiped yolları var. Park ərazisinin genişliyi nəzərə alınaraq istirahət edən şəxslərin rahatlığı üçün müvafiq məlumatlandırıcı və istiqamətləndirici lövhələr quraşdırılıb. Parkda göl yaradılıb. Restoran kompleksi inşa olunub, kafe və qəhvə məntəqələri yaradılıb.